Bu gün Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələrin konkret bir mövqe üzərində dayanmaması müşahidə olunur. Onlar hər vəchlə çalışırlar ki, diqqəti mövcud reallıqlardan yayındırsınlar. Erməni tərəfi və bu məsələlərdə digər maraqlı dövlətlər vəziyyəti nəzərə alaraq üç tərəfli razılaşmanı mümkün qədər pozmağa cəhdlər edir. Məqsəd ATƏT-in Minsk qrupunu yenidən bu prosesə qoşmaqdır.
Bunu Teleqraf.com-a Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, erməni tərəfinin bu cəhdləri heç bir nəticəyə gətirib çıxarmayacaq: “2020-ci ilin 10 noyabrında əldə olunmuş razılaşmada nəzərdə tutulan bütün prinsiplər ardıcıllıqla icra olunacaq. Çünki Ermənistanda olan iqtidarın və erməni dövlətinin başqa çıxış imkanları mövcud deyil. Gec-tez anlamalıdırlar ki, Azərbaycanla razılıq əldə olunmayınca onlar üçün heç bir çıxış və inkişaf mümkün olmayacaq. Bu baxımdan erməni tərəfinin yeganə çıxış yolu yolu Azərbaycanın müəyyənləşdirdiyi şərtlərə riayət etməkdən ibarətdir”.
Millət vəkili hesab edir ki, ermənilərin vaxtaşırı Naxçıvan və Kəlbəcər istiqamətdə təxribatlara əl atması digər qüvvələrin bura cəlb olunmasına hesablanıb:
“Amma bu qeyri-mümkün məsələdir. Bununla yanaşı Ermənistan tərəfi razılaşmanı icra etməyəcəyi təqdirdə onu hansı bəlaların gözlədiyini yəqin ki, dərk etmiş deyil. 44 günlük müharibədə erməni tərəfinin aldığı zərbə onların yadından çıxmamalıdır. Paşinyanın son seçkilərdə hansısa bir uğur əldə etməsi daxili auditoriya üçün keçərli ola bilər.
Bu halın Azərbaycanla Ermənistanın sərhəd məsələləri ilə bağlı proseslərin icra vəziyyətinə heç bir təsiri ola bilməz. Çünki bu gün Ermənistanda olan xaos və kritik durum heç də əsas vermir ki, əldə olunmuş razılaşmadan yayınsınlar. Bu razılaşmaya ciddi nəzarət mexanizmləri var. Bunu Ermənistanda da yaxşı başa düşürlər. Əks halda qarşılaşacaqları mənzərə isə daha acınacaqlı olar bilər”.