Yay fəslidir, insanlar istirahət etmək istəyirlər. İnsanların kütləvi toplaşdığı məkanlar açıldı, bu isti günlərdə insanlar dörd divar arasında qala bilməzlər. Lakin virus da yayılması üçün bu şəraitdə imkanlar əldə edir və geniş şəkildə yayıla bilir. Ölkəmizdə toy məclislərinin də təşkili virusa yoluxanların atmasına ciddi təsir göstərdi.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, yoluxma sayı azalmasa, ciddi məhdudiyyətlər tətbiq olunmalıdır: "Dövləti əlavə ağır maliyyə yükü ilə yükləməyə ehtiyac yoxdur. Pandemiya başlayanda dövlət xeyli vəsait ayırdı, müəssisələrdə işlər dayandı, müavinətlər verildi. Hazırda qarşımızda daha ciddi vəzifə dayanır. İşğaldan azad olunmuş torpaqlarımızın bərpasına yönəlməliyik. Tövsiyə edirəm ki, vətəndaşlarımız müvafiq qaydalara əməl etsinlər. Tibbi maska taxmaq, sosial məsafə saxlamaq, Operativ Qərargahın qoyduğu tələbəkərə riayət etmək vacibdir. Həmçinin ictimai-iaşə obyektləri işlədən sahibkarların da üzərinə məsuliyyət düşür, müəssisədaxili qaydalara riayət olunmalıdır. Hazırda virus mutasiya keçirir. Delta ştammı əvvəlki COVID-19 müalicəsinə tabe olmur".
Millət vəkili qeyd edib ki, hələ bir neçə il virusla yaşayacağıq və yalnız mövcud tələblərə əməl etməklə bu mübarizədən qalib ayrıla bilərik.