11 Avqust 2021 17:31
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər dünyada COVID-19-a yoluxmada mənfi tendensiya Azərbaycanda da hiss olunmaqdadır. Sərt karantin rejimindən sonra epidemioloji vəziyyətə uyğun olaraq tətbiq edilən bəzi qadağaların aradan götürülməsi yoluxmada yenidən artıma səbəb olub. İnsanların kütləvi toplaşması, toy və digər məclislərdəki sıx ünsiyyət, ictimai iaşə obyektlərində olan tünlük nəticədə müsbət axarın pozulması ilə müşayiət olunub.

Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, dövlət öz vətəndaşının sağlam və təhlükəsiz yaşamasını təmin etmək üçün bütün zəruri imkanlardan istifadə edir: “Koronavirus bəşəri bəladır. Azərbaycanda da bu bəlanın qurbanları az deyil. Artıq bu virusun tuğyan etdiyi dövrdən xeyli müddət keçib. Ona qarşı effektiv vaksin əldə edilib. Ötən ildən ölkəmizə vətəndaşların sağlamlığını təmin etmək üçün ən effektiv vaksinin gətirilməsi təmin olunub.

Bəlli kateqoriyaların vaksinasiyası həyata keçirilib. Hazırda isə ölkədə uşaqlardan başqa bütün vətəndaşlar vaksinasiyaya cəlb olunur. Çox təəsüflər olsun ki, vaksinləşmə ilə bağlı müəyyən fikirlər ortaya atılır. Bu da ümumi inamsızlıq yaratmağa və insanların vaksinləşmədən boyun qaçırmasına səbəb olur”.

Komitə üzvü hesab edir, ölkəmizdə tətbiq edilən sərt karantin rejiminin yumşaldılması pandemiyanın bitdiyi anlamına gəlməməlidir: “Karantin qaydaları yumşaldıldı toy və digər kütləvi tədbirlərin bəlli qaydalar əsasında keçirilməsinə icazə verildi. Təəsüflə qeyd etməliyik ki, 150 nəfər maksimum qonaq dəvət etmək imkanı yaradıldığı halda daha çox sayda insanın iştirakı ilə toy və digər mərasimlərin keçirilməsinin şahidi oluruq. Bu isə nəticədə yoluxmanın sürətli artımına münbit şərait yaradan haldır”.

Deputat bildirib ki, hazırda dünyada COVİD-19-un bir neçə ştammı yayılıb: “Sözsüz ki, virusdan qorunmağın başlıca yolu vaksinasiyadan keçir. Eyni zamanda maskadan istifadə, sosial məsafənin qorunması, dezinfeksiya kimi vacib şərtlərin də son zamanlar unudulduğu hallarına rast gəlinir. Unutmaq olmaz ki, dünyada pandemiya bəlası hələ bitməyib. Bu səbəbdən insanlar ətrafında olanları, sağlamlıqlarını qorumaq üçün məsuliyyətli davranmalıdır”.

Məlahət İbrahimqızına görə, vaksinləşmədə fəal olmaq virusdan qorunmağın ən effektiv yollarından biridir: “Çünki vaksinasiyadan keçmiş şəxsin virusa yoluxduğu halda ölüm riski olmur. Məhz bu prinsiplərə riayət olunmaması isə yekunda yenidən qapanmaları zəruri edə bilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər