Son vaxtlar həm Azərbaycanda, həm də region ölkələrində koronavirusa və yeni təhlükəli ştammlara yoluxma statistikasında ciddi artım müşahidə olunur. “Delta” ştammı çox təhlükəlidir. Təəssüf ki, məhz yeni ştammlardan sonra ökəmizdə yoluxma sayı 272-dən 1800-ə çatıb. Xəstəxanalara müraciət edənlərin, ağır vəziyyətdə reanimasiyaya düşənlərin, eyni zamanda ölüm hallarının sayında ciddi artım müşahidə olunur. Dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstanda COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Türkiyədə gündəlik yoluxma son 3 ayda maksimum həddə çatıb. İyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artaraq, 22-25 minə qalxıb. Gürcüstanda son sutkada 30 nəfər vəfat edib, Rusiyada yalnız paytaxt Moskvada son sutkada yoluxanların sayında 20 faiz artım qeydə alınıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin açılması yoluxma hallarına təsir edib: “Sözsüz ki, metronun açılışı, şənlik mərasimlərinə icazə, tətil mövsümü, xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına səbəb olub”.
Millət vəkilinə görə, yoluxma və ölüm sayında artım bu templə davam etsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər: “Təcrübə göstərir ki, ən effektiv mübarizə vaksinasiya prosesidir. Ölkəmizdə peyvənd olunanların ümumi sayı 5 milyonu ötüb. Bu faktdır ki, peyvənd olunmaqla virusun insan orqanizmi üçün yaratdığı təhlükə gücü azalır və xəstə ağır simptomları yüngül keçirir. Yəni infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq və ölüm halının qarşısını almaq mümkündür”.
Könül Nurullayevanın fikrincə, tibb elmi sübut edir ki, vaksinasiyadan sonra da yoluxma mümkündür: “Sadəcə üstünlük ondadır ki, xəstəlik vaksinasiyadan sonra daha yüngül keçir. Ən əsası isə təbii ki, ölüm riskinin azalmasıdır. Təhlükəli "Delta" ştammı vaksinin üçüncü dozasının vurulmasını da zəruri edir. Yəni doza sayının artması əslində COVID-ə qarşı immun sisteminin davamlılığını təmin etməkdir. Mütəxəssislərin də tövsiyə etdiyi kimi, yaşlılar, xroniki xəstəliyi olanlar, xəstələrlə sıx təmasda olan həkimlər üçüncü dozanı qəbul etməlidir. Əsas məqsəd yoluxma zəncirini qırmaq və epidemioloji vəziyyətin nəzarətdən çıxmasına imkan verməməkdir“.