18 Avqust 2021 17:26
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri müəyyən edilib.

Baş Prokurorluqdan Teleqraf.com-a verilən məlumata görə, xəstəxananın baş həkimi vəzifəsini icra edən, 1-ci Psixiatriya şöbəsinin müdiri Kərimov Yaşar Məlik oğlunun əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müalicə almayan Məmmədov Sahib Vafiq oğlundan (ad şərtidir) müxtəlif vaxtlarda xəstəxananın Salyan rayonu ərazisində yerləşən inzibati binasında 800 manat pulu rüşvət kimi almasına əsaslı şübhələr müəyyən edilib.

Yaşar Kərimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, habelə prokurorluğun təqdimatı əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb.

Kərimov Yaşar Məlik oğlunun qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.


Müəllif: Teleqraf.com