Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlunun Bakı Hərbi Məhkəməsində zərərçəkmişin vəkili Elçin Sadıqova hücum etməsi ilə bağlı araşdırma başlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Elçin Sadıqovun özü sosial şəbəkə hesabında yazıb.
Vəkil qeyd edib ki, bu gün Yasamal rayon Polis İdarəsinin 27-ci polis şöbəsində izahat verib: “Ümid edirəm ki, Rövşən Əkbərovun oğlunun mənə öz vəzifələrimi icra etməyimlə əlaqədar heç bir səbəb olmadan hücum etməsi araşdırılacaq və o, məsuliyyətə cəlb edilərək cəzalandırılacaq”.
Qeyd edək ki, sentyabrın 1-də Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib. O, həmin gün Bakı Hərbi Məhkəməsində hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərovun oğlunun ona hücum etdiyini bildirib.
Elçin Sadıqov qeyd edib ki, general Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Əliyev Fədayın hüquqlarını müdafiə edir: “Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün faəliyyət göstərdiyimə görə məhkəmə iclasından çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı. Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut var.
Xahiş edirəm ki, bu faktı xüsusi nəzarətə götürərək, Rövşən Əkbərovun oğlunun məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz”.
Xatırladaq ki, Rövşən Əkbərovun cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə araşdırılır.
İttihama görə, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.
İstintaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.
Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.
Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.
Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.