15 Sentyabr 2021 14:36
2 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycanda koronavirus testi burun və ağız boşluğundan yaxma götürülməklə, yəni Polimeraz Zəncirvari Reaksiya (PZR və ya PCR) testi, digəri isə seroloji test vasitəsilə, yəni qan analizi verməklə aparılır.

PCR testi ilə yuxarı tənəffüs yollarından götürülmüş materialda şəxsdə virusun olub-olmadığı müəyyən edilir. Həmçinin koronovirus infeksiyasına yoluxmuş, heç bir əlamət olmasa da virusun aktiv şəkildə daşıyan şəxsin müəyyən edilməsinə imkan verir.

Ölkəmizdə COVID-19 testi dövlət tərəfindən pulsuz aparılır. Səhiyyə Nazirliyinin 814 Çağrı Mərkəzi bunun üçün xəstədə virusun əlamətlərinin olmalı olduğunu bildirir.

Əgər əlamət olmadan özünüzü yoxlamaq məqsədilə test vermək istəyirsinizsə və ya xaricə səfər edirsinizsə, bu zaman testlər üçün pul ödəməlisiniz.

Teleqraf.com özəl klinikalarda aparılan koronavirus testinin qiymətləri ilə maraqlanıb.

Leyla Şıxlinskaya Klinikasında burun-boğaz boşluğundan yaxma 75 AZN-ə götürülür, nəticə 4-5 saata bilinir. Eyni üsulla aparılan, lakin nəticəsi 2-3 saata hazır olan testin qiyməti isə 95 AZN-dir. Qanda virusun olub-olmadığını öyrənmək üçün 25 AZN ödəniş tələb olunur.

Mərkəzi Klinikada PCR testi 90 manat, qandan analiz üçün 40 manat ödəniş etmək lazımdır.

Mərkəzi Neftçilər Xəstəxanasında (publik hüquqi şəxs) burun və ağız boşluğundan yaxma 65 AZN-ə götürülür. Klinika hesab edir ki, hazırda virusa yoluxub-yoluxmadığınızı öyrənmək üçün PCR ən yaxşı analiz növüdür. Seroloji test üçünsə 25 manatınızdan keçməlisiz.

İstanbul NS Klinikasında adi yaxmanın qiyməti 60 AZN-dir. Analizin nəticəsi portala daxil edilmir. Yəni xəstədən götürülmüş nümunənin analiz nəticəsi TƏBİB-ə göndərilmir. Cavab 3 saat ərzində hazır olur.

Bakı Medikal Plaza burun-boğaz boşluğundan götürülən yaxma 100 AZN təşkil edir. Testin nəticəsi 6 saat hazır olur. Klinika hesab edir ki, ən dəqiq test məhz PCR-dir. Virusu keçirəndən sonra immunitetin yaranıb-yaranmadığını müəyyən etmək üçünsə 60 AZN ödəniş tələb olunur.

Nəsrəddin Tusi adına Klinika burundan və ağız boşluğundan yaxma 70 AZN, seroloji test isə 60 AZN-ə başa gəlir. Testin nəticəsi günün sonuna kimi məlum olur.

Referans Klinik Laboratoriya Mərkəzində burun-boğazdan yaxma 75 AZN-ə başa gəlir, nəticə 3-4 saata bilinir. Qanda antitelin olub-olmadığını öyrənməyin iki forması var –peyvənddən öncə və sonra. Peyvənddən öncə olan analiz 25, peyvənddən sonra olan isə 48 AZN-dir. Saat yarıma çıxan təcili PCR testinin qiyməti 95 manatdır.

İstanbul Hospitalda adi yaxmanın qiyməti 45 manatdır. Analizin nəticəsi TƏBİB-in sisteminə düşmür. Seroloji testin qiyməti isə 20 manatdır.

Qeyd edək ki, adıçəkilən klinikalarda vaksinasiya ödənişsiz aparılır.

Çalışın sağlam qalın!


Müəllif: Yeganə Oqtayqızı