17 Sentyabr 2021 16:49
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyevanın dəvəti ilə hazırda ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərimizə faktaraşdırıcı missiyası davam edib.

Bu barədə Teleqraf.com-a Ombudsman Aparatından məlumat verilib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva şəhərdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyətinə məlumat verərkən deyib ki, Ağdam yerlə-yeksan olunan və dağıntılara məruz qalan bir şəhərdir: "Xarici müşahidəçilər buranı ziyarət edərkən “Qafqazın Xirosiması” adlandırırlar. Hesab edirəm ki, bu çox obyektiv bir ifadədir".

Onun sözlərinə görə, ermənilər tərəfindən Azərbaycan dövlətinə, xalqına qarşı vandalizm siyasəti həyata keçirib: "Bizim mədəni abidlərimiz dağıdılıb. Burada topladığımız faktlar gələcəkdə beynəlxalq hüquq müstəvisində müvafiq məhkəmə proseslərində sübut qismində təqdim olunacaq. Dünya praktikasına əsasən, təzminat tələbi irəli sürülür. Bu tələbin təmin olunmasında bu cür hesabatların çox böyük əhəmiyyəti var".

Daha sonra isə faktaraşdırıcı missiya Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları ilə birgə həyata keçirilib.

Faktaraşdırıcı səfərin əsas məqsədi işğaldan azad olan Azərbaycan torpaqlarında yerində araşdırmalar aparmaq, sübutlar toplamaq və əldə edilən nəticələr əsasında hesabat hazırlayaraq beynəlxalq təşkilatlara göndərməkdir.

Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxış keçirilib. Pənahəli xanın məqbərəsi, Ağdam Cümə və Qiyaslı məscidləri, eyni zamanda şəhərdə dağıntılara məruz qalmış digər mədəni və sosial obyektlərlə bağlı yerində araşdırma aparılıb.

Müvəkkil və İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti həmçinin, Ağdamda minalanmış əraziyə baxış keçiriblər və qonaqlara mina və digər partlayıcı qurğuların insanların həyat və sağlamlığına yaratdığı ciddi təhlükə, eyni zamanda mina qurbanları ilə bağlı məlumat verilib.

Müvəkkil və İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyətinin faktaraşdırıcı missiyası davam etdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər