15 Oktyabr 2021 16:37
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 22-dən 1-4-cü, sentyabrın 29-dan isə 5-11-ci siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb. Ölkə üzrə bu günədək 244 sinif distant təhsilə keçirilib, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir. Bakı şəhəri üzrə distant təhsilə keçirilmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub. 114 sinifdə distant şəkildə təhsil davam etdirilir.Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin Covid-19 testi pozitiv çıxıb. Bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.

Sual yaranır, hansı qaydalar əsasında siniflər distant təhsilə keçid edir?

Mövzu ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisəsinin ayrı-ayrı siniflərində (qruplarında) əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və ya yenidən bərpası barədə qərar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla həmin təhsil müəssisəsi tərəfindən qəbul edilir.

Təhsil müəssisəsinin siniflərində (qruplarında) qeydə alınan hər bir COVID-19 infeksiyası hadisəsi Səhiyyə Nazirliyinin bütün şəhər və rayonlarda fəaliyyət göstərən gigiyena və epidemiologiya mərkəzlərinin mütəxəssisləri tərəfindən tam araşdırıldıqdan sonra hadısənin sanitariya-epidemioloji aspektləri (xəstələnmə vaxtı, təmas müddəti, inkubasiya dövrü, Qaydaların tələblərinə əməl olunması vəziyyəti, yoluxmanın səbəbi, sinifdə (qrupda) olan digər təhsilalanları yoluxdurma amilləri və s.) qiymətləndirilməklə müvafiq rəy təhsil müəssisəsinin rəhbərliyinə təqdim olunur. Sinifdə (qrupda) əyani tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə rəy bildirilən hallarda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Təhsil Nazirliyi məlumatlandırılmaqla uyğun təbirlər görülür.


Müəllif: Aysel Azad