21 Oktyabr 2021 14:48
4 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb”.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Bildiririk ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilmiş və zəruri istintaq hərəkətləri keçirilib.

“Odur ki, iş materiallarında hər hansı bir ziddiyyətli hallar mövcud deyil. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd edilir ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir!”, - deyə prokurorluqdan bildirilib.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

İlkin Süleymanovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.


Müəllif: Hacı Zeynalov