44 günlük Vətən müharibəsində layiqincə fəaliyyət göstərdik. Qarabağda gedən döyüşlər zamanı cəbhə bölgəsində baş verən hadisələrə anında reaksiya verdik. Vətən müharibəsində Fövqəladə Hallar Nazirliyindən 19 nəfər iştirak edib. Mülki Müdafiə Qoşunlarından 1 nəfər şəhid olub.
Teleqraf.com xəbər verir ki, bunu Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş mərasimdə deyib.
E.Mirzəyev bildirib ki, mənfur düşmən Gəncəni, Bərdəni, Tərtəri, Ağdamı və digər əraziləri atəşə tutduğu müddətdə FHN-nin yanğınsöndürənləri və digər qurumların nümayəndələri atəş altında öz vəzifələrini layiqincə yerinə yetiriblər:
"Döyüşlər zamanı fövqəladə halların aradan qaldırmasında nazirliyin yanğınsöndürənləri və digər qurumlarımızın əməkdaşları da faəliyyət göstərib. Bundan başqa, FHN əməkdaşları ermənilərin mülki əhalinin yaşadığı şəhərlərə atdığı raketlər nəticəsində yaralanan vətəndaşlarımızın axtarış və xilasetmə işlərində iştirak ediblər. Biz düşmənə öz gücümüzü göstərdik. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Dəmir Yumruq" əməliyyatı ilə tarixi qələbə əldə etdik".