7 Noyabr 2021 16:35
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsində qazandığımız tarixi Zəfərin ildönümü ərəfəsində Müdafiə Nazirliyi və Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda “Zəfər bayrağına düzlən!” adlı vətənpərvərlik tədbiri keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin Suraxanı rayon İcra Hakimiyyəti rəsmilərinin, Milli Məclisin deputatlarının, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, müharibə iştirakçısı və qazilərin, o cümlədən Bakı Qarnizonundakı hərbi hissələri təmsil edən hərbi qulluqçuların iştirak etdikləri tədbirdə mədəniyyətimizin paytaxtı Şuşaya sancılan və Zəfər paradında nümayiş etdirilən Azərbaycan bayrağı “Qələbə marşı”nın müşayiəti ilə alqışlar altında salona gətirilib.

Şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.

Layihənin müəllifi, Zəfər paradının aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayaraq deyib: ”Dövrün, dövlətin, hadisələrin ən dəyərli əlamətlərini özündə əks etdirən bayraqlar mühüm tarixi abidə olmaqla yanaşı bütün təsviri, emosional və psixoloji vasitələr kompleksi ilə insanın düşüncə, milli şüur və hisslərinə ideoloji təsir göstərir, cəmiyyətin, ordunun həyatında baş verən mühüm hadisələri özündə birləşdirərək yüzləri, minləri, milyonları öz ətrafında birləşdirir, arxasınca irəliyə, daha xoşbəxt gələcəyə doğru aparır.
Bayraq müqqədəsidir! Bayraq kimliyimiz, varlığımız, bəxtiyarlığımızdır!

Uzun illər idi ki, təcavüzkar Ermənistanın silahlı qüvvələrinin işğal etdiyi əzəli və tarixi torpaqlarımızda bayrağımız dalğalanmırdı. Bu, hər bir azərbaycanlının qüruruna toxunur və hər birimizi sonsuz dərəcədə məyus edirdi. Lakin heç kim ruhdan düşmür və Zəfər bayrağımızın canımızla, qanımızla işğaldan azad edəcəyimiz minillik dədə-baba yurdlarımızda tezliklə dalğalanacağına inanırdıq”.
Polkovnik A.Qurbani nəzərə çatdırıb ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Azadlıq meydanında keçirilən hərbi paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan bayraqlarının nümayiş etdirilməsi xalqımızın qələbəyə inamını daha da artırdı.

Həmin gün ulu öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev qətiyyətlə bəyan etdi ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi parada göstəriləcək. Biz bu müqqədəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

Tədbirdə böyük fərəh hissi ilə bildirilib ki, çox çəkmədi bu istək, bu arzu 2020-ci il sentyabrın 27 də respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın başladığı 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə ilə Zəfər salnaməmizlə həyata keçdi. Otuz ilin həsrətinə son qoyuldu. Bayraqımız tarixi Azərbaycan torpaqlarına əbədi olaraq sancıldı.

Xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, ulu öndər Heydər Əliyevdən miras azərbaycançılıq məfkurəsinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin fədakarlığının, şücaət və qəhrəmanlığının, Türkiyə-Azərbaycan qardaşlığının və Azərbaycan Prezidentinin qətiyyətinin, sərkərdə məharətinin, hücum diplomatiyasının, dəmir yumruğunun sayəsində əldə etdiyimiz şanlı Qələbə xalqımıza, dünya azərbaycanlılarına, eləcə də daim yanımızda olan dostlarımıza, qardaşlarımıza qürurlu anlar yaşatdı.

Ötən ilin dekabr ayının 10-da Azadlıq meydanında keçirilən Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyevin iftixar hissi ilə dediyi “Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orda əlbəyaxa döyüşdə düşməni məhv etdi. Azərbaycan bayrağını Şuşada qaldırdı” fikirləri söyləniləndə salondakılar ayağa qalxaraq Müzəffər Ali Baş Komandanı, qalib Vətən əsgərini alqışladılar.

Zəfər paradının aparıcısı polkovnik A.Qurbani “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi” deyə sevincini gizlətməyən Müzəffər Ali Baş Komandanının dediyi daha bir kəlamı da tədbir iştirakçılarına xatırlatdı: ”Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik. Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi İdeoloji iş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov xalqımızın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı siyasətin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu istiqamətdə dünyanı heyrətə gətirə biləcək yeni-yeni nailiyyətlərin əldə edildiyni, ordumuzun daha da gücləndiyini, dövrün ən müasir texnologiyalarına, milli-mənəvi dəyərlər əsasında yetişən, dünya ordularının qabaqcıl təcrübələrindən bəhrələnərək peşəkarlıqlarını durmadan artıran şəxsi heyətə malik olduğunu böyük iftixar hissi ilə vurğulayıblar.
İcra başçısı Ə. Əzizov müharibə ərəfəsində, müharibənin gedişində olduğu kimi bu gün də Suraxanı rayonunda respublikamızın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün təminatçısı olan Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının davam etdirildiyini, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına daima diqqət və qayğı göstərildiyini, qalib ordumuzun, igid döyüşçülərimizin qəhrəmanlıqlarının təbliğ edilməsi məqsədilə silsilə tədbirlərin həyata keçirildiyini, ordumuza fiziki və mənəvi cəhətdən sağlam vətənpərvər oğulların yetişdirilməsi üçün səylər göstərildiyini diqqətə çatdırıb.
Suraxanı gənclərinin də peşə seçimində hərbi ixtisaslara xüsusi önəm verdiyini, hətta həqiqi hərbi xidmətlərini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətlərini davam etdiklərini, ehtiyat zabit hazırlığı kurslarına üz tutuqlarını müsbət hal kimi qiymətləndirib.

Rayonun mədəni-maarif, təhsil ocaqlarında, idarə və təşkilatlarda Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin geniş təbliğ olunduğunu, hər bir suraxanılının bu gün də Zəfər bayrağımıza düzüldüyünü və müharibə dövründə olduğu kimi yenə də Vətənin çağırışı ilə işğaldan azad edilən torpaqlarımızda geniş vüsət alan bərpa-quruculuq işlərində iştirak etməyə hazır olduqlarını bəyan edib.

General-mayor Bəkir Orucov isə müharibədən sonra Azərbaycan Ordusunda yeni bir mərhələnin başlandığını, həm respublikamızda, həm də dünyanın bir çox ölkələrində birgə təlimlərin geniş vüsət aldığını, xüsusi təyinatlı təhsil müəssisələrində daha peşəkar, daha bacarıqlı mütəxəssislərin hazırlandığını, azad edilən ərazilərimizdə yeni-yeni hərbi şəhərciklərin inşa edildiyini, hərbi qulluqçuların sosial müdafiəsi üçün məqsədyönlü tədbirlər görüldüyünü və bütün bunlarla yanaşı utancverici məğlubiyyətlə barışmaq istəməyən düşmən qüvvələrinin təxribatlarının qarşısının mərdliklə və qətiyyətlə alındığını, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduğunu vurğulayıb.

Milli Məclisin deputatları hüquq üzrə elmlər doktoru professor Etibar Əliyev və Sevinc Fətəliyeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsinin haqq savaşı, ədalətin bərpası olduğunu qeyd edərək, Zəfər Günü münasibətilə şəhid ailələrini, müharibə iştirakçılarını, qaziləri, həmçinin qalib Azərbaycan Ordusunun şəxsi heyətini, hazırda hərbi xidmətdə, döyüş növbəsində olanları təbrik edib və Zəfər bayrağımızın heç vaxt enməyəcəyinə, bu bayrağın tezliklə xalqımızın arzu etdiyi tarixi torpaqlarımızda da əzəmətlə dalğalanacağına əminliklərini bildiriblər.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümlərindən sonra təltif olunan hərbi qulluqçuların orden və medalları şəhidlərin ailələrinə təqdim olunub.
Şəhid ailələri respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2021-ci il tarixli Sərancamını da böyük minnətdarlıq hissi ilə qarşılayıblar.

İncəsənət ustalarının və əsgər xorunun iştirakı ilə təqdim olunan “Zəfər bayrağına düzlən!” ədəbi-bədii proqramı şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həmdə tədbir iştirakçılarına əsl Qələbənin Zəfərin sevincini yenidən yaşadıb.

Sonda Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və general-mayor Bəkir Orucov tədbir iştirakçıları adından Müzəffər Ali Baş Komandan İlham Əliyevi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanı, qalib Azərbaycan əsgərini və bütün xalqımızı Zəfər Günü münasibətilə bir daha təbrik ediblər.

“Zəfər bayrağına düzlən!” vətənpərvərlik tədbiri “Zəfər bayrağımız etibarlı əllərdədir!”, “Dəmir yumruq yerindədir” şüarlarının səsləndirilməsi ilə başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər