"Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin hansı xəstəlik və xəsarət hallarında təyin edildiyi aydın şəkildə göstərilib. Əliliyin qiymətləndirilməsi bu Əsasnamənin tələbləri əsasında aparılır".
Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.
O bildirib ki, anadangəlmə, xəstəlikdən, yaxud xəsarətdən yaranan əqli, fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması müşahidə olunduqda əlillik təyinatına dair qərar çıxarılır:
"Amputasiya olunmuş şəxslərin guya təkrar müayinə edildiyi barədə bəzən əsassız fikirlər səslənir. Amputasiya olunan, məsələn, əli, ayağı və ya hər hansı bədən əzası olmayan şəxslərə əlillik müddətsiz (ömürlük) təyin olunur və heç zaman da müayinəyə çağırılmırlar.
Əlilliyin qiymətləndirilməsinin rəqəmsal infrastrukturunun funksional imkanları, inteqrasiya dairəsi xeyli genişləndirilib. “Əlillik” altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb, “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” adlı yeni altsistem də tətbiq edilib. Bu yeniliklər də tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf həyata keçirilməsi, müraciətlərə obyektiv, çevik baxılması imkanlarını artırıb".