19 Noyabr 2021 11:37
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi KİV və sosial şəbəkə səhifələrində heç bir rəsmi məlumata istinad edilmədən guya “200 min şəxsin əlilliyinin ləğv edildiyi, pensiyasının kəsildiyi” kimi tamamilə əsassız olan, yanlış ictimai rəy yaratmağa yönələn fikirlər yer alır. Əlillik təyinatlarının şəffaflaşdırılması tədbirlərini gözdən salmağa, həssas qrupların adından manipulyasiya edərək onlarda aidiyyəti quruma qarşı inamsızlıq yaratmağa xidmət edən bu fikirlər tamamilə əsassızdır".

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.

Agentlik sədri bildirib ki, əlilliyə görə sosial ödənişin kəsilməsi halı heç bir halda baş verməyib və hazırda da belə hal mövcud deyil:

"Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. Ona görə də əlilliyi olan şəxs əgər onun əlilliyi müddətlidirsə, əlillik müddətinin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan e-sistemə daxil edilməsi üçün lazımi tibbi sənədlərini vaxtında toplamalıdır.

Bəzən şəxs əlilliyinin təkrar qiymətləndirilməsi, yəni əlillik müddətinin uzadılması üçün müraciətin edilməsində, sənədlərin toplanmasında müəyyən gecikmələrə yol verir, göndəriş də əlilliyin bitdiyi vaxtdan sonra gec daxil olur. Belə hallar nəzərə alınaraq humanist yanaşma məqsədilə bu ilin iyul ayında əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericilikdə dəyişiklik edilib və beləliklə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar təyin olunan əlillik məhz əvvəlki əlillik təyinatı müddəti bitdiyi tarixdən rəsmiləşir. Yəni ortada ötürülmüş müddət üçün də şəxs əlilliyə görə sosial ödənişlərini ala bilir".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər