8 Dekabr 2021 10:10
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-ın Rusiyanı SWIFT-dən çıxarmaq istəməsi Rusiya üçün indiyə qədər qarşılaşmadığı ciddi iqtisadi zərbə olacaq".

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

O qeyd edib ki, ABŞ-ın məlum hədəsinə Rusiya rəsmisi Vladimir Cabarov bunun fantaziya olduğunu və dünya iqtisadiyyatının buna dözməyəcəyini bildirib: "Əvvəlcə qeyd edim ki, SWIFT ümumdünya Banklararası Maliyyə Telekommunikasiya sistemdir (Society for Worldwide Interbank Financial Telecommunications). Başqa sözlə, bu, banklararası mesajlaşma sistemidir. Bu sistem Belçikada qeydiyyatdan keçib və Avropa Birliyinin ticarət qanunlarına tabedir. Planetdə 12 minə yaxın bankı özündə birləşdirir və təxminən gündə 32 milyona yaxın SWIFT mesajı emal edir.

Onda sual yaranır ki, Avropa qanunlarına tabe olan SWIFT sistemi niyə Amerikanın əlində bir sanksiya təhdidi formasıdır? Cavab sadədir. Ona görə ki, bu sistem üzərindən icra edilən hər 10 əməliyyatdan 9-u ABŞ bankları vasitəsilə həyata keçirilir. Eyni zamanda SWIFT şirkətinin əsas səhmdarları ABŞ banklarının nümayəndələrindən ibarətdir. ABŞ vətəndaşları isə öz hökümətləri tərəfindən tətbiq edilən sanksiyalara qanunla tabe olmalıdırlar".

İqtisadçının fikrincə, hazırda bankları dünyadan təcrid etməyin ən sadə yolu onları ödəniş sistemindən kənarda saxlamaqdır: "Amerika İranı bu ödəniş sistemindən təcrid etməklə şirkətlərlə yanaşı bankları da iflic vəziyyətinə salıb onun iqtisadiyyatını boğdu. İran SWIFT-dən çıxarılan zaman Rusiya ABŞ-ın təhdidlərinə tabe olmayan ödəniş sistemi yaratmağa çalışsa da buna nail ola bilmədi. İndi isə necə deyərlər, bıcaq sümüyə dirənib.

Düzdür, SWIFT dünyada yeganə ödəniş sistemi deyil. Amma əməliyyatların 90-92%-i bu sistem üzərində aparıldığı üçün bu sistemdən çıxarılmaq Rusiya üçün indiyə qədər qarşılaşmadığı ciddi iqtisadi zərbə olacaq. SWIFT-dən çıxarılma məsələsinə Rusiya rəsmisi Vladimir Cabarovun “dünya iqtisadiyyatı buna dözməyəcək” deməsi yəqin ki, ABŞ tərəfindən ciddi qarşılanmır. Amma Rusiyanın hər zaman aqressiv siyasət yürütdüyü kimsəyə sirr deyil.

Odur ki, bu sanksiyaya reallığa çevrilsə, Rusiya tərəfindən sərt reaksiya gözlənilir. Bundan təbii ki, Amerika heç nə itirməyəcək. Amma bu sanksiyanın ilk vaxtlarında Ukrayna və bəzi Avropa ölkələri üçün müəyyən zərərlərlə müşahidə ediləcək. Ən başda Avropa ciddi qaz sınağı ilə üz-üzə qalacaq. Karbohidrogen ehtiyatlarının qiymətində kəsin artımlar olacaq. Sanksiya tətbiq edilərsə, Rusiyanın bu davranışları ilə Amerikanın sanksiyanı aradan qaldıracağı gözlənilən deyil. Sanksiya qısa müddətli dövr üçün Avropada, uzun müddətli dövr üçün Rusiyada ciddi problemlər yarada bilər".

Eldəniz Əmirov hesab edir ki, Amerikanın SWIFT sanksiyasının Azərbaycan üçün mənfi təsirləri mütləq olacaq: "Amma məsələyə qlobal yanaşsaq bunun Azərbaycana verə biləcəyi faydalar zərərindən 10 dəfə çox olacaq".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər