16 Dekabr 2021 16:57
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil və Mədəniyyət nazirlikləri ilə Heydər Əliyev Fondunun dəstəyi əsasında “Nizami Gəncəvi İrsi XXI əsr” simpoziumunun son hissəsi, Nizami yaradıcılığına həsr olunmuş sərginin açılış mərasimi baş tutub.

Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Qənirə Paşayeva , millət vəkili Soltan Məmmədov, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Milli Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynov, şair Arif Buzovnalı iştirak edib.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Nizami Gəncəvi irsini qoruyub gələcək nəsillərə çatdırmaq lazımdır: "Təsadüfi deyil ki, dünyanın əksər kitabxanalarında Nizami Gəncəvinin külliyatı saxlanılır, müxtəlif dillərə tərcümə edilir. Onun əsərləri bizə həyatın mənasının düsturunu yazmağa imkan verir. Doğruluq, vətənə məhəbbət, yaxşı əməllərin əhəmiyyəti Nizami əsərlərində açıqlanır. Biz sevinməli, fəxr etməliyik ki, belə böyük şəxsiyyətlərimiz var. Nizami irsini qoruyub saxlamalı, gələcək nəsillərə çatdırmalıyıq. Bu simpoziumun da əsas məqsədi budur".

Millət vəkili Qənirə Paşayeva hesab edir ki, 2021-ci ilin Nizami ili elan olunması dünyaya mesajdır: "Nizamiyə uzanan əllər çoxdur. Bunun səbəbi Nizami Gəncəvi yaradıcılığında nə qədər böyük dəyərlərin aşılanmasıdır. Nə qədər xalq istəyər ki, onun Nizami Gəncəvi kimi şəxsiyyətləri olsun. Prezident İlham Əliyev bu ili Nizami Gəncəvi ili elan etdi. Bir il bu qədər böyük filosofun adı ilə adlanırsa, bu həm də bir dövlətin verdiyi mesajdır. Nizami təkcə şair deyildi, həm də böyük fikir adamı idi. Uşaqlarımıza Nizami irsini daha geniş təbliğ etməliyik".

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışı zamanı qeyd edib ki, Nizami yaradıcılığı öz böyüklüyü, özünəməxsusluğu ilə seçilir: "Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyəti hər əsr bir tarixi şəxsiyyət yetişdirir. Mədəniyyət Nazirliyi olaraq bizim kifayət qədər xarici dostlarımız var ki, Nizami yaradıcılığını tədqiq edirlər. Biz onlarla daim təmasdayıq. Onlarla söhbət edəndə Nizami Gəncəvini yenidən kəşf edirik.

Biz Nizami əsərlərini tərcümədən oxuyuruq, amma onlar orjinal dilindən, fars dilindən oxuyurlar və deyirlər ki, Nizami dövrünün digər şairlərindən çox fərqlidir. Belə hesab edirəm ki, biz Nizamini hələ tam dərk etməmişik. Bunu subyektiv səbəbləri var. Çünki Nizami Gəncəvi yaradıcılığı bizə uzun illər sovet məktəbinin prizmasından öyrədilib. Qərb tədqiqatçıları ümumi olaraq belə deyirlər ki, Nizami insana, insan cəmiyyətinə ensklopedik yanaşma edib".

Tədbir bədii kompazisiya ilə davam edib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər