Sosial Tədqiqatlar Mərkəzi Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı keçirdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, sorğunun nəticələrinə əsasən, postmüharibə dövrünün ilk ili kimi xarakterizə edilən 2021-ci il dövlət başçısının fəaliyyətində, həmişə olduğu kimi, öz dinamikliyi və aktivliyi ilə xarakterikdir.
Təkcə ilin əvvəlindən dekabr ayına qədər olan dövrdə dövlət başçısı tərəfindən ictimaiyyətə açıq məlumatlara əsasən, beynəlxalq və yerli səviyyəli 60-dan çox görüş və səfər, 40-dan çox müşavirə, müsahibə və mətbuat konfransı səviyyəli tədbirlərdə çıxış, 100-dən artıq qəbul, xarici ölkə rəhbərləri və rəsmiləri ilə 40-dan artıq telefon danışığı, əsas hissəsi işğaldan azad olunan əraziləri əhatə etməklə 120-dən çox təməlqoyma və açılış mərasimi həyata keçirilib.
Sorğuda iştirak edən vətəndaşların Prezidentə inam etimadı 91,2% tam etibar edirəm, 6,9% əsasən etibar edirəm olmaqla yüksək səciyyələnir (əks mövqedən yanaşan respondentlər cəmi 0,8%, mövqe bildirməkdə çətinlik çəkənlər 0,3% təşkil edir).
Eləcə də Birinci Vitse-Prezidentə inam və etimad olduqca yüksəkdir (84,9% tam etibar edirəm, 10,1% əsasən etibar edirəm, 1,4% əsasən etibar etmir, 2,6% heç etibar etmir, 1,1% rəy bildirməkdə çətinlik çəkir). Respondentlərin mütləq əksəriyyəti mənsub olduğu yaş qrupundan, təhsil və gəlir səviyyəsindən, yaşadığı ərazidən asılı olmayaraq Prezidentə və I Vitse-prezidentə inam və etimadını yüksək ifadə edir.
Respondentlər Prezidentin son aylarda Qarabağa intensiv səfərlərində böyük qayıdış və quruculuq işləri ilə yaxından tanışlığını və bu işlərə şəxsi nəzarətini (69,2%), çıxışlarını və dünyaya verdiyi mesajları (37,4%) xüsusilə təqdir ediblər.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrin respondentlərin 72,7%-i tam uğurlu, 19,5%-i qismən uğurlu olacağını düşünür (1.3% uğurlu olmayacaq, 5,3% məlumatı yoxdur, 1,2% cavab verməkdə çətinlik çəkir).
Respondentlərin ümumilikdə 85%-ə yaxını Prezidentin fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasının tarixi, siyasi, iqtisadi perspektivlərini müsbət qiymətləndirib.
Respondentlərdən üç dövlət başçısının 11 yanvar görüşündəki razılaşmaları necə dəyərləndirdikləri də soruşulub. Respondentlərin 46,4%-i respondent nəqliyyat kommunikasiyalarının (Zəngəzur dəhlizinin) açılmasının regionun təhlükəsizliyi və sabitliyinə töhfə verəcəyini, 37,6%-i Rusiya və Türkiyə vasitəsilə regionun iqtisadi, nəqliyyat və ticari əlaqələrinin qurulacağını, 42,4%-i bunun qələbəmizi daha da möhkəmləndirəcəyini, 37,2%-i qələbəmizin regiona açılımlar və iqtisadi üstünlüklər qazandıracağını bildirib.
2021-ci ilin fevral ayında Prezidentin 4 dildə 31 media qurumunun 54 sualını cavablandıraraq keçirdiyi mətbuat konfransında respondentlərin 83,8%-i təxribat xarakterli suallara ustalıqla cavab verməsini, 75,5%-i 4 dildə mükəmməl danışdığını, 59,5%-i dünya ictimaiyyətini informasiya cəhətdən dolğun məlumatlandırmasını, 51,2%-i Azərbaycanı dünya gündəminə daşımasını, 39,6%-i cəlb edilən media qurumlarının Azərbaycanın əməkdaşlıq əlaqələrinə uyğun seçilməsini, 35,3%-i xarici media ilə yanaşı yerli mətbuat orqanlarının da iştirakını təqdir etdiyini bildirib.
Prezidentin Qələbə tonqalını Şuşada Cıdır düzündə qalamasını 73.9% respondent qələbə, 72%-i şəhidlərimizin qanı ilə qazanılmış Şuşa zəfərinin təntənəsi/qələbə simvolu, 65,2%-i Şuşanın Azərbaycanın mənəvi-mədəni paytaxtı olmasının dünyaya nümayişi, 64,7%-i vətənpərvərlik, 62,2%-i torpaq və bayraq sevgisi, 58,9%-i Prezidentin dəyər və ənənələrimizə sadiqliyi, 58,9%-i milli birlik, 58,4%-i ərazi bütövlüyü, 57,4%-i həmrəylik, 54,3%-i tarixi irsin xilası, 49,6%-i Qarabağda bərpa və quruculuq strategiya və planlarının mesajı kimi dəyərləndirib.
Zəngəzur nəqliyyat dəhlizinin fəaliyyətə başlaması ilə Azərbaycanın öz eksklavı olan Naxçıvanla və qardaş ölkə Türkiyə ilə əlaqələrinin güclənəcəyinə (74%), Türk dünyasında birliyin güclənməsinə xidmət edəcəyinə (54,7%), Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını (53,5%), Türkiyə və Azərbaycanın Türk dünyasına birbaşa çıxışını təmin edəcəyinə (34,8%) əminlik ifadə olunub.
Respondentlər Füzulidə ilk dəfə beynəlxalq hava limanının açılmasını, Zəngilan və Laçında hava limanlarının inşasının planlaşdırılmasını Azərbaycanın turizm sektorunun inkişafına müsbət təsir (75,9%), regionun iqtisadi inkişafına töhfə (57,3%), Qarabağa səfərlərin vaxt baxımından qısalması (52,7%), məşğulluğa əlavə dəstək kimi (25,5%) şərh edib.