Şəki su elektrik stansiyasının (SES) ikinci qurğusunun açılış mərasimi keçirilib.
Teleqraf.com-un məlumatına görə, qurğunun quraşdırılması Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) və BMT-nin İnkişaf Proqramının (BMTİP) “Azərbaycanda Dayanıqlı Enerjinin İnkişafı” adlı birgə layihəsi çərçivəsində həyata keçirilib. Layihə Avropa İttifaqı və Norveç Hökuməti tərəfindən maliyyələşdirilib.
Tədbirdə AREA-nın sədri Akim Bədəlov, Avropa İttifaqının Azərbaycandakı Missiyasının rəhbəri xanım Malena Mard, BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi cənab Antonius Bruk və Norveçin Azərbaycadakı Səfirliyinin Birinci Katibi cənab Marko Soldiç layihənin əsas tərəfdaşları qismində iştirak ediblər.
Akim Bədəlov Azərbaycan Hökuməti və AREA-nın ölkədə alternativ energy mənbələrini inkişaf etdirmək istəyini vurğulayıb. Antonius Bruk isə qurğunun hazırlanıb uğurla təhvil verilməsi işindən razı qaldığını və bu layihənin çoxtərəfli tərəfdaşlığa bariz nümunə olduğunu bildirib.
Tədbir iştirakçılarına stansiyanın Çinin “Hunan Allonvard” şirkəti tərəfindən təchiz olunması və qurğulara qısa və uzun-müddətli zəmanətin verilməsi haqqında məlumat verilib.
Layihə çərçivəsində stansiyanın yerli heyətinə şirkətin mütəxəssisləri tərərfindən təlimlər keçirilib. Quraşdırılmış qurğunun gücü 580 kilo-vata bərabərdir.
“Azərbaycanda Dayanıqlı Enerjinin İnkişafı” layihəsinin əsas məqsədi Xəzər dənizi sahili boyunca külək enerjisindən istifadəni, quşçuluq və mal-qara sənayelərindən bioqaz istehsalı, eləcə də günəş enerjisinin cari istehsalı işinin artırılması və inkişaf etdirilməsi də daxil olmaqla, alternativ enerji mənbələrinin inkişaf etdirilməsidir. Şəkinin enerji təchizatının yaxşılaşdırması ilə yanaşı, bu qurğu vasitəsi ilə daha kiçik, ekoloji təmiz elektrik enerji istehsalı işini nəzərdən keçirmək və bunun əsasında, ölkənin digər kiçik çay və sularında layihənin tətbiqini qiymətləndirmək mümkün olacaq. Yeni su elektrik qurğusunun Azərbaycanın digər bölgələrində oxşar stansiyaların tikilməsi üçün AREA üçün təcrübə rolunu oynayacağı bildirilir.
Naibə QURBANOVA