Minatəmizləmə xidmətində 5 istiqamət üzrə itlərdən istifadə olunur. Xidməti itlər akkreditasiyadan keçib və axtarışa buraxılıb. Bu gün işğaldan azad olunan ərazilərdə minaların aşkar edilməsində itlərin xüsusi rolu var.
Teleqraf.com xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) Kinoloji taborunun şöbə rəisi baş leytenant Elvin Qocayev "Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu" mövzusunda jurnalistlər üçün keçirilən təlim zamanı deyib.
O bildirib ki, itlərin axtarışda iştirakında hava şəraiti çox vacibdir: "İtləri fasilə ilə 20 dəqiqədən bir dəyişərək xidmət aparılır. Minaların əksəriyyətinin tərkibində oxşar komponentlər var. Laboratoriya şəraitində hazırlanmış imitatorlarla itlərə təlim keçirik. Onlar burada vasitəsidir və pirotexniklərlə birgə fəaliyyət göstərirlər. İtlərlə bir gün ərzində fasiləli şəkildə min kvadratmetr ərazini minadan təmizləmək mümkündür".
Elvin Qovayev qeyd edib ki, minatəmizləmə prosesinə cəlb olunan itlər xüsusi olaraq seçilir: "İtlər hərəkəti ilə, hətta hürmək və cırmaqlamaqla təhlükəni hiss edirlər. Ancaq biz daha çılğın, aqressiv itləri mina axtarışına cəlb etmirik. Burada xüsusi itləri seçirik. Coşma və tormozlanma templəri bərabər olan itlər minatəmizləmə əməliyyatına cəlb olunurlar. Onlar üçün keçirilən təlimlər itlərin 3 ayından başlanılır. Çünki itlər mütləq şəkildə sosiallaşmalıdır. Xüsusi təlim isə 8 ayı əhatə edir".