Teleqraf.com-un "Zərif izlərlə" rubrikasında həyatda öz addımları ilə irəliləyən, çətinliklərə öz gücü ilə qalib gələn xanımlar haqda məlumatlar təqdim edilir.
Rubrikamızın ilk qonağı isə pasta-şef İlahə Həsənovadır.
- İlahə xanım, əvvəlcə oxucularımıza özünüz haqqında məlumat verin.
- Ailədə 4 nəfərik, məndən başqa kiçik bacım var. Bakının Nəsimi rayonunda 44 saylı məktəbdə oxumuşam. Artıq 6 ildir qənnadı məhsulları sahəsində çalışıram.
- Bu işin təhsilini almısınız?
- Xeyr. Mən əslində Azərbaycan Dövlət Aqrar Universitetinin maliyyə ixtisasını bitirmişəm. Ailəm, xüsusilə atam məni uniformada görmək istəyib. Əvvəl deyirdi ki, sən hüquqa hazırlaşmalısan, səni vəkil görmək istəyirəm. Bir ara aktrisa olmaq arzum idi. Sonra atam dedi, səndən yaxşı polis olar. Ailəmdən çox dəstək görmüşəm və bu davam edir.
- Maraqlıdır, bəs niyə hüququ yox, iqtisadiyyatı seçdiniz?
- Bütün ixtisaslara marağım vardı. Maliyyə, hüquq, jurnalist... Evdən müdaxilələr də az deyildi. Qohumlarım soruşurdu ki, sən niyə şirniyyatçı olursan? Məni kostyumda, topuqlu ayaqqabıda bank işçisi təsəvvür edirdilər. Bir ara işədüzəltmə bürosunda işlədim. Kompüter qarşısında bütün günü otur - ürəyim partlayırdı. Bu, mənə uyğun həyat tərzi deyildi. Mən hərəkətli işi sevirəm. Şirniyyatçılıqda yaradıcılıq var. Qismət belə imiş...
- İxtisas seçiminizdə nə vaxta qədər basqı oldu?
- Mən qəbul imtahanına 6 ay qalmış 3-cü qrupu seçdiyim halda 2-ci qrupa hazırlaşmağa başladım. Jurnalist olmaq istəyirdim, iqtisadiyyata yönəldim. O dövrdə çox adam maliyyəyə sənəd verirdi.
- İqtisadiyyatı bitirdikdən nə qədər müddət sonra şirniyyatçı oldunuz?
- Universitetdə oxuya-oxuya işləyirdim. Anam da şirniyyatçıdır. Xatırlayıram, balaca uşaq idim, evdə anam və nənəm şirniyyatlar hazırlayanda onlara baxırdım. İndi də xəmir görəndə o səhnələr gözümün önündə canlanır. Nənəm qəşəng xəmir yoğurardı. İndi xəmir yoğuranda görürəm ki, onun tərzini təkrarlayıram. O vaxtdan məndə maraq yaranmışdı.
Anam da mənim kimi təhsil olaraq başqa ixtisası - rabitəni bitirib. Amma mayalı məhsulların bişirilməsi və texnologiyası ilə məşğuldur. Anam mənə dəstək oldu ki, hansı sahəni istəyirsənsə, onu seç. Bir tərəfdən də insanın özünü tapıb, gördüyü yer var, mən də bunu etdim.
- Demək, sadəcə diplom almaq üçün iqtisadiyyatı seçdiniz?
- Bəli. Çünki artıq universitetə daxil olmuşdum, oxumalı idim. Diplom lazım idi.
- Bəs şirniyyatçılıq üzrə dərslər aldınız?..
- Əlbəttə. Treyninqlərdə iştirak etmişəm. Türkiyədə dəfələrlə seminarlarda olmuşam. Sonuncu təlim 4 ay əvvəl Türkiyənin Bursa şəhərində keçirildi. Təlimlər satış, qidanın hazırlanması, teksturası və sairə üzrə təcrübi bilgilər verirdi. Hazırda hədəfim Avropa ölkələridir.
- Necə düşünürsünüz, bu sahədə təhsilə ehtiyac varmı?
- Əlbəttə, istəyərdim ki, qida texnoloqluğu üzrə təhsil alım. Amma fikrimcə, bu sahədə təhsil mütləq deyil. Olsa olar, olmasa yox... Mənim üçün təcrübə çox önəmlidir.
- İlk iş yeriniz hara olub?
- Əslində, bunu mənim üçün demək utanc deyil, hər kəsin sıfırdan başladığı bir nöqtə var. Mən marketdə çalışırdım. 3 ay orada işlədim. Anam "Puratos Group"da çalışırdı. Bir gün gəldi dedi ki, İlahə, texnoloq hazırlayırlar. Müəyyən müddət öz cibindən xərclərini qarşılamaq şərtilə bu sahəni öyrənəcəksən. Sənə peşəkar texnoloqlar dərs keçəcək, sonra xarici ölkələrə göndərəcəklər.
Həqiqətən də bunu istəyirdim. Şirniyyata hər zaman marağım olub. Mətbəx mənim üçün çılğınlıq deməkdir. Anamın təklifi ilə razılaşdım.
"Puratos Group"da pulsuz işlədim. Bir neçə ay sonra məni 1 həftəlik Türkiyəyə göndərdilər. Oradan qayıtdıqdan sonra şirkətin Türkiyə şöbəsindən mənə iş təklifi gəldi. Bir az tərəddüd var idi. Mentalitetimiz, tək qız necə yaşayacaq-filan kimi səbəblər... Lakin getdim, 2 il orada işlədim.
Şirkətin Azərbaycandakı rəsmi nümayəndəliyində demoşef olaraq çalışdım. Daha sonra "Vyana şokolad evi", "Veysəloğlu", "Bal badəm" şirkətlərində fəaliyyət göstərdim. Hər biri mənim üçün ayrı-ayrı təcrübə idi.
- İlk maaş nə qədər olub?
- 250 manat. Evə konfet almışdım. Demişdilər ki, ilk maaşa şirniyyat almalısan...
- İlk hazırladığınız şirniyyat hansı idi?
- Peşəkar səviyyədə soruşursunuzsa, Türkiyədə olanda "ibiza" adında desertimiz var idi. Uzun, bananlı desert idi. Onu mənim kimi bükən yox idi. Ustam deyirdi ki, İlahə, etiraf edirəm ki, bunu məndən yaxşı bacarırsan. Amma daim öyrənməyə meyilli biriyəm.
- Evdə ən çox nə hazırlayırdınız?
- Tez-tez islak kek, sütlaç hazırlamağı sevirəm.
- İşdə tapşırığa etiraz etdiyiniz olurdumu?
- Yox. Bu 6 ildə çox şeylə qarşılaşmışıq. Bir dəfə sosis hazırlamalı idim. Onu bir gün əvvəldən hazırlayırıq ki, sabah pasta üzərinə əlavə edəcəyik. 20 litrlik yağı qaz üzərinə qoymuşdum və başım qarışıq olduğu üçün yağ yanmışdı. O yağdan da daha qalmamışdı. Mən bir anlıq dayandım və dedim ki, ağlımı işə salmalıyam. Məsələni həll etdik. Bir yolunu tapdıq, başqa yağlar əlavə etdik, teksturada dəyişiklik oldu. Hadisə yeni il ərəfəsində baş verdiyi üçün hələ də o il yadımdan çıxmayıb. Tərkibdə dəyişiklik aparsam da, bunu rəhbərliyə etiraf etmişdim.
- Uşaqlıqdan bəri axtardığınız damaq dadı nədir?
- İran keksləri olurdu, "Pampam", onun dadından ötrü ürəyim gedirdi. Bir də sünbül peçenye vardı, onu çox sevirdim.
- Yeni başlayanlar təcrübəni haradan toplaya bilərlər?
- İstehsalatda köməkçi kimi başlamaq olar. Mən bu mərhələlərdən keçmişəm. Özüm kimi köməkçi hələ görməmişəm. Həmişə demişəm ki, "necə ola bilər ki, İlahə etməsin? Etməliyəm". Bu gün də Türkiyəyə gedəndə, yaxud Türkiydən gələn olanda şefimin yanında demirəm ki, filan şey niyə belədir?.. Bilməliyəmsə öyrənirəm.
- Bu sahəyə hansı yenilikləri gətirmək istəyərsiniz?
- Mən modernliyə tərəfdaram. Doğrudur, retroya toxunmaq düz deyil. Amma retronun incəliyini qoruyub saxlamaq şərtilə ona modernlik qatmaq olar.
- Paxlavaya necə modernlik qata bilərik?
- Paxlavaya toxunmayaq... Mənim sahəm milli şirniyyatlar deyil. Onu da milli şirniyyatçılar düşünsün (gülür).
- Hobbiniz var?
- Üzməyi çox sevirəm. Yeni başlamışam. Bununla yanaşı, kətan üzərində akril boyalarla şəkillər çəkirəm. Uşaq olanda qonşum mənə rəngləmə kitabı vermişdi. Gülləri incə rəngləyirdim. Rəsmə hədsiz marağım vardı. İndi də boş vaxt tapanda bu işlə məşğul oluram. Anam hərdən etiraz edir ki, yenə kağız-kuğuzu gətirib stolun üstünə düzdü.
- Sevmədiyiniz şirniyyat hansıdır?
- Mən şirin yeməyi çox sevirəm. Bir günüm şirniyyatsız keçmir. Hər zaman çayla içməyə nəsə axtarıram. Sevmədiyim şirniyyat demək olar ki, yoxdur. Ən dadlı şirniyyatı da Türkiyədə yemişdim. Profitetrole yedim, çox sevdim.
- Bizdəkindən nə ilə fərqlənirdi?
- Bizdə də onu yaxşı hazırlayanlar var. Amma təəssüf ki, bizdə sifarişə, tələbata görə yağlı kremlərə üstünlük verilir. Xalq olaraq ağız dadımız yeniliyə meylli deyil. Qaymaqlı, qozlu, şokoladlı olsun deyirlər...
Avropada keksin qalınlığı 1 santimetrdirsə, bizimkilər onu 3 santi tələb edirlər. Məsələn, bir qrupumuz var idi, xaricdən qonaqlar gəlirdi, bizim mədəniyyətimizi öyrənmək üçün evlərə yerləşdirirdilər. 5-6 aydan bir evimizdə 10 günlüyə belə qonaqlar gəlirdi. Adətən İngiltərədən, Estoniyadan, Kubadan, Brazilyadan, Çindən qonaqlarımız olurdu. Onlar bizim bulkaları bəh-bəhlə yeyirdilər.
Bir dəfə alman qonağımız gəlmişdi. Düşündüm nə bişirim, sobamız da xarab idi. Fincanda islaq kek hazırladım. Qazanda adi hazırlanmış şirniyyat idi. Amma onlar çox bəyəndi. İndi də mənə yazıb deyirlər ki, o necə dadlı idi.
Bir rəfiqəm Almaniyada yaşayır. Hər dəfə deyir ki, gəlsən burada işini mükəmməl tanıdarsan.
- Tort hazırlayarkən nələrə diqqət edirsiniz?
- İşin gedişatından danışım... Məsələn, keks bişdi, həmin gün ona krem sıxmaq olmaz. Növbəti gün onun hazırlanma prosesinə başlayırıq.
Bu gün sadə tortlara tələbat çoxdur. Alçipanı alanlar evdə üstünü sökür. Onsuz da zərərlidir. Normalda badam unundan hazırlanmalı olsa da, içindəki qatqı maddələri onu zərərli edir.
- Dünyada şirniyyata meyilliliyi tənqid edirlər. Sizin bu barədə fikirləriniz necədir?
- Məncə, şirniyyat hər şeydir. Şirniyyatla xoşbəxt olanlardanam. Amma normasında... Məsələn, şirniyyatı axşam yeyib yatmaq düzgün sayılmır.
- Bəs sağlam şirniyyatlara qarşı münasibətiniz necədir?
- Çox yaxşı. Çünki biz şəkərli diabet xəstələrini də düşünməliyik. Mən nadir hallarda onu hazırlayıram. Elə şirniyyatları sevməsəm də, bir çoxları onunla tələbat ödəyə bilirlər.
- Güclü qadın kimdir?
- Güclü qadın öz ayaqları üzərində durmağı bacarmalıdır. Normal işi olmalıdır. Ağılla düşünüb, normal addımlar atmaq lazımdır. Ailə dəstəyi vacibdir. Bir az da şanslı olmalısan.
- Özünüzü şanslı hesab edirsiniz?
- Həm də çox... İlahə - şans deməkdir.
- "Yox" cavabı aldığınız iş yeri olub?
- Yox. Əksinə, indiyədək getdiyim yerlərdə ya təcrübəçi olmuşam, ya da özləri dəvət ediblər. Bu günədək bağlı qapı görməmişəm. Əksinə, hamı deyib ki, səninlə işləmək istəyirik.
Bir dəfə müraciət etdiyim bir iş yerinə getdim. Özümü təqdim etdim. Adımı eşidəndə dedilər ki, biz səni toppuş bir xala kimi gözləyirdik. Dedim, niyə? İnsanların ağlına şirniyyatçı deyən kimi şirin xala tipi gəlir. Hətta əl işlərimi göstərəndə inanmırdılar.
- Öz şirniyyat məkanınızı açmağı planlayırsınız?
- Bunu hələ ki düşünmürəm. Maddi baxımdan güc toplamalıyam, təkmilləşməliyəm. Təbii ki, gələcəkdə öz loqomla kiçik bir məkan olacaq. Mənim məkanımda o şirniyyata baxan deməlidir ki, bu, məhz İlahənin əl işidir.
- Xaraktercə necə birisiniz?
- Hər şeyə tələsirəm. Bir gün işlədiyim yerlərdən birində dedilər ki, tortlar sayılmalıdır. Dedim, nə var ki, 2 dəqiqəlik işdir. Soyuducunu açdım ki, tort üstümüzə gəlir...
- Sayıldı?
- Sayıldı. Amma mən gedəndən sonra. İndi də əməkdaşlar deyirlər ki, səhərə qədər tort saydıq.
- Şiniyyatdan əlavə sizdə başqa sahəyə meyillilik yarandımı?
- Yox. Burada özümü tapdım. Daha da təkmilləşmək, yeniliklər etmək istəyirsən. Məsələn, deserti doğrayıram, deyirəm ki, aha, bunda başqa dəyişiklik etmək olar. İlk vaxtlar deyirdim ki, nə vaxta qədər istehsalata gedəcəm, demoşeflik edəcəm... Amma zaman ötdükcə öz xəttin olur. Daha çox irəliyə getmək istəyirsən.