“Texnofest Azərbaycan” çərçivəsində 10 kateqoriya üzrə yarış keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Texnofest-2022" mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, "Texnofest Azərbaycan” çərçivəsində yarışlar “Robotexnika”, “Yaşıl texnologiyalar (GreenTech)”, “Aqrar texnologiyalar (AgriTech)”, “Pilotsuz uçuş aparatları (PUA)”, “Həvəskar peyk modelləşdirilməsi”, “Sosial yönümlü texnologiyalar”, “Smart Qarabağ” Hakatonu, “Sailplaner”, “Baku Skills”, “Rocket League” oyunu üzrə Avropa kuboku üzrə keçiriləcək.
Yarışlar üzrə əsas tərəfdaş qismində Energetika Nazirliyi, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “AzInTelecom” MMC, Azərkosmos, Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Kiber İdman Federasiyası, Azərbaycan Beynəlxalq Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyi çıxış edirlər.
“Robotexnika” müsabiqəsi insana gündəlik həyatda faydalı olan və ya istehsalatda işinin müəyyən bir hissəsini yerinə yetirən, hətta əyləncəyə çevrilə bilən robotların dizaynını hədəfləyir. “Yaşıl Texnologiyalar (GreenTech)” müsabiqəsi bərpa olunan enerji mənbələrindən istifadə, yeni texnologiyaların təşviqi, cari texnologiyaların təkmilləşdirilməsi, təbii sərvətlərdən ehtiyatlı istifadə və gələcək nəsillərə ötürülməsini təmin edən, həmçinin sıfır tullantı hədəfinin həyata keçirilməsini asanlaşdıracaq texnologiyalar üzrə mövzuları əhatə edir.
“Aqrar texnologiyalar (AgriTech)” müsabiqəsi “Əşyaların interneti” və süni intellekt kimi texnoloji həllərin tətbiqi ilə meyvəçilik, tərəvəzçilik və heyvandarlıq sahələrində məhsuldarlığın artırılmasına, eləcə də su resurslarından səmərəli istifadəyə yönəlmiş layihələr arasında keçirilir.
“Pilotsuz uçuş aparatları (PUA)” müsabiqəsinin şərtlərinə əsasən, komandalar tərəfindən uçuş aparatı dizayn edilir. Müsabiqədə komandalara özlərinin dizayn etdikləri PUA-ları nümayiş etdirmək şansı verilir. “Həvəskar peyk modelləşdirilməsi” müsabiqəsi (CANSAT) kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqları formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Bu müsabiqədə qarşıya qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına şərait yaradır.
“Sosial yönümlü texnologiyalar” müsabiqəsi fərdlərin öz sosial məsuliyyət məlumatlılığı ilə texnoloji bilik və təcrübələrini inteqrasiya edərək cəmiyyət üçün faydalı layihələr ərsəyə gətirmələrinə dəstək olmaq məqsədi daşıyır. İnsan həyatına təsir edən bütün sahələrdə innovasiya və texnoloji inkişafla tətbiq olunacaq layihələrin hədəfində faydalılıq, cəmiyyətə töhfə dayanır. “Smart Qarabağ” Hakatonu ilə Qarabağın dirçəliş proqramında yaxından iştirak etmək istəyən və “Ağıllı şəhər” konsepsiyasına dair innovativ layihələri olan tələbələr, startaplar və sahibkarlar üçün unikal təqdimat imkanı yaradılır. Hakaton təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev təsərrüfatı, enerji sərfiyyatı, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir. “Sailplaner” müsabiqəsi gənclərin təyyarə modeli hazırlamasına və təyyarə konstruktoru qabiliyyətinin inkişafına yönəlib.
“Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir. Müsabiqədə iştirakçıların 3D printerlərdən istifadə etməklə yaratdığı layihələrdə onların təsəvvür qabiliyyəti və dizaynlarını realizə bacarıqları yoxlanılır.
“Rocket League” oyunu üzrə Avropa kuboku çempionatı populyar video oyunlar üzrə gənclər arasında keçirilən çempionatdır. Müsabiqələrə qoşulmaq üçün “teknofest.az” saytı üzərindən qeydiyyatdan keçmək lazımdır. Hər kateqoriya üzrə 1-ci, 2-ci və 3-cü yer sahibləri üçün diplom və pul mükafatları nəzərdə tutulub.
Müsabiqədə iştirak edən hər kəsə iştirak haqqında sertifikat təqdim olunacaq. Müvafiq yarışlarda yuxarı sinif şagirdləri, tələbələr, startaplar və sahibkarlar iştirak edə bilərlər.