3 Mart 2022 15:21
1 845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhid ailəsinə qarşı dələduzluqda təqsirli bilinən İxtiyar Orucov və Balaxan Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baxılır.

Cinayət işində iki nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Bunlar şəhid anası Rəna Məmmədova və şəhidin dayısı Fəttah Şükürovdur.

Rəna Məmmədova ibtidai istintaqdan narazıdır. O, dələduzluq cinayətini törədən İxtiyar Orucov və Balaxan Hüseynli ilə birlikdə daha bir neçə şəxsin iştirakçı olduğunu, onların cinayət məsuliyyətindən kənarda qaldıqlarını bildirir.

Digər şəxslərin də məsuliyyətə cəlb olunması üçün vəsatət hazırlayan Rəna Məmmədova vəsatəti Bakı Ağır Cinayətlər Məhkəməsinə poçt vasitəsi ilə göndərib.

Şəhid anası vəsatətdə göstərib ki, şəhidə və onun ailəsinə qarşı bu çirkin cinayət əməllərinin əsas iştirakçısı və icraçısı İxtiyar Orucov olub: “Məhz İxtiyar Orucov 30 min manatadək pulu anası Elmira Orucovanın köməkliyi ilə şəxsən mənimsəyib, cinayətin digər iştirakçısı Balaxan Hüseynlidən pulların alınmasında istifadə edib, onu da inandıra bilib, digər şəxs bacısı oğlu Boz Süleymanın köməkliyi ilə şəhidin fotosunu başqa fotosu ilə dəyişdirib, bununla da cinayət əməlini başqa şəxslərlə birlikdə törədiblər.

Həmçinin cinayət əməlinin ilk günlərindən Elmira Orucova falçı kimi özünün görücülük qabiliyyəti ilə bu işdə İxtiyar Orucova kömək edib. Bu şəxslər biz zərərçəkmişlərin çətin vəziyyətindən, eləcə də psixoloji durumumuzdan, şəhidin axtarışı adı ilə hər yerdə hər şeyə getməyə hazır olmağımızdan, guya İxtiyarın Gürcüstana gedən yollarını açmaq adı ilə aldadaraq 2100 manat pulumuzu da ələ keçiriblər”.

Rəna Məmmədovanın sözlərinə görə, şəhid övladının ölüm xəbəri ana kimi onu bərk sarsıdıb: “Psixoloji zərbə almışam. Nəticədə öz hərəkətlərimdə qəribəliklər yaranıb. Bu gün də həmin fəsadlar öz ağır nəticələrini verməkdədir. Hətta oğlumun şəhid olmasına məndə şübhələr əmələ gəlib, onun sağ qalması inamını artırmaq, möhkəmləndirmək üçün falçılara üz tutmağa məcbur olmuşam.

Yaxınlarımızla birgə falçı kimi tanınan Elmira Orucovanın olduğu Şüvəlan qəsəbəsinə gəldim, oğlumun şəkilini Elmira Orucovaya göstərdim, onun şəhid olduğunu, hətta dəfn edildiyini də bildirdim. Elmira Orucova isə şəklə baxdı, kitibalar açdı və məni inandırmağa nail oldu ki, heç narahat olma, dəfn olunan şəhid başqasıdır, bizim oğlumuz sağ-salamat Ermənistanda əsir saxlanılır.

Dedi ki, ona təcili kömək etmək lazımdır, vəziyyəti yaxşı deyil. Bu söhbətlərdə İxtiyar da iştirak edirdi. İxtiyar bildirdi ki, onun Gürcüstanda yaxın dostları var, onlar Ermənistanla əlaqə qurmaq imkanındadırlar. Həmin vaxt Elmira bizdən zəhmət haqqı kimi 10 manat və şəkil götürdü. Bir-iki gündən sonra zəng etdi, bildirdi ki, oğlu İxtiyarı aliment borcu ilə bağlı tutmaq istəyirlər, Gürcüstana gedən yolunun açılması üçün onlara təcili 2 min manat lazımdır. Biz 1500 manatı onların dedikləri karta göndərdik.

Özümüz də gələrək bir daha kitaba baxdırdıq. Elmira bizi yenidən inandırdı ki, oğlu ilə birlikdə bizə köməklik edəcək. Bundan sonra o, oğlu İxtiyarla İmişliyə gəlib bir daha xahiş etdi ki, aliment borcuna görə 500 manat onlara çox vacibdir. İxtiyar özü isə dedi ki, artıq şəkli Gürcüstana göndərib, Gürcüstanda dostları bu işlə məşğuldurlar, Ermənistana gedəcəklər, oğlum İsanın əsr olduğu yeri öyrənəcək və onun Gürcüstana gətirilməsinə çalışacaqlar”.

Zərərçəkmiş bildirib ki, istintaq Elmira Orucovanın hərəkətlərinə düzgün hüquqi qiymət verməyib, onun törətdiyi əməllər məsuliyyətdən kənarda saxlanılıb: “Odur ki, Elmira Orucovanın hərəkətlərinin məsuliyyət dairəsi müəyyən olunmalı, İxtiyar Orucovun qrup halında fəaliyyətində hər bir şəxsin iştirakçılıq məsələsi aydınlaşdırılmalıdır”.

Zərərçəkmişin sözlərinə görə, İxtiyar Orucov yalandan zənglər edib, şəhid İsanın sağ olduğunu, xəstələndiyini, müalicə aldığını, nəhayət, Gürcüstana və Bakıya gətirdiyini deyib: “Bu kimi yalan sözlərini doğru olduğunu göstərmək üçün bacısı oğlu Boz Süleymanı bu işə cəlb edib, onunla danışaraq köməklik etməsinə razılaşıblar. Süleyman fotoşop proqramları ilə şəhidin şəkilini başqasının şəkili ilə saxtalaşdırıb, guya müalicə olunduğu görüntüsü yaradıb.

Bu aldadıcı, təhqiredici oyundan bizə - şəhid ailəsinə qarşı dələduzluq niyyəti ilə istifadə olunub.

Bundan başqa, İxtiyar Orucov başqası ilə olan öz şəkilini fotoşop proqramı ilə, yəni Süleymanın köməkliyi ilə şəhid İsanın şəkili ilə dəyişdirib, bizə göstərməklə, təkrar dələduzluq yolu ilə ümumilikdə 29.800 manatı mənimsəyiblər.

İxtiyar Orucovun öz cinayətkar qruplaşmasında Süleymanın fəaliyyəti xüsusi əhəmiyyətli olub. Bu əməliyyatların aparılması xüsusi bacarıq və texniki vasitə tələb edir. İstantaqın Süleymanın mahiyyəti anlamadan bu işi görməsi nəticəsinə gəlməsi və onu məsuliyyətdən kənarda saxlaması zərərçəkmiş şəxsləri aldatmaq deməkdir.

Çünki o, şəkilləri xüsusi bacarıq və texniki vasitələrlə saxtalaşdırıb, dəyişdirib, bu zaman işin mahiyyəti ona tam bəlli olub. Belə şəxsin müdafiə olunması həm qanunsuzluqdur, həm də şəhid ailəsinə, şəhidə hörmətsizlikdir. Odur ki, Boz Süleyman barəsində qanuni tədbirlər görülməli, təqsirləndirilən şəxsin qrup halında fəaliyyəti, eləcə də digər iştirakçıların fəaliyyəti dəqiqləşdirilməlidir”.

Rəna Məmmədovanın sözlərinə görə, cinayətin törədilməsində İxtiyar Orucov “qrim istası”nın əməyindən də istifadə edib, ona zəhmət haqqı olaraq 320 manat ödəyib: “İstintaq bu istiqamətdə ətraflı, obyektiv araşdırma aparmayıb. Bir daha nəzərə alınmalıdır ki, bu cinayət əməlləri şəhidə, onun ailəsinə qarşı iyrənc formada, təşkil olunmuş cinayətkar qrup iştirakçıları vasitəsilə aparılıb.

Dövlət başçısı hər çıxışında şəhidlərə, onların ailələrinə xüsusi diqqət, ehtiram və hörmətlə yanaşmağın hər bir şəxs, məmur, vəzifəli adam üçün vacib olduğunu dəfələrlə bəyan edib. Bu həm də bizim milli qürur, şərəf məsələmizdir. Şəhidə, onun ailəsinə “əl uzatmış” kimlərinsə məsuliyyətdən kənarda saxlanılması, himayə olunması yolverilməzdir”.

Rəna Məmmədova deyib ki, cinayət işinin məhkəmə baxışı dayandırılmalı və qeyd olunan məsələlərin araşdırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir.

Rəna Məmmədovanın bu vəsatəti poçt vasitəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Vəsatətə növbəti məhkəmə iclasında baxılacağı gözlənilir.

Növbəti proses martın 11-də keçiriləcək.

Qeyd edək ki, İxtiyar Orucov və Balaxan Hüseynlinin barəsində olan cinayət işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılıb.

Araşdırma zamanı həmin şəhidin döyüşdə həlak olandan sonra yaşadığı rayonda dəfn edildiyi, bundan sonra onun anasının övladının bəlkə də dünyasını dəyişmədiyini, şəhidin isə başqa birisi olduğunu zənn edərək çıxış yolunu falçılara müraciət etməkdə gördüyü müəyyənləşdirilib.

Bu məqsədlə şəhid anası Rəna Məmmədova Xəzər rayonunda yaşayan və falçı kimi tanıdığı Elmira Orucovaya müraciət edib. Həmin şəxs 100 manat pul müqabilində fala baxaraq şəhidin dünyasını dəyişmədiyini və əsirlikdə olduğunu bildirib.

Sonradan falçının oğlu İxtiyar Orucov və şəhidin yaxın qohumu Balaxan Hüseynlinin ünsiyyəti yaranıb. Onlar əlbir olaraq şəhidin ailə üzvlərinə dövlət tərəfindən ayrılan pulu, eləcə də onların əlində olan əlavə maddi vəsaitləri dələduzluq yolu ilə ələ keçirmək barədə razılığa gəliblər.

Həmin şəxslər öz çirkin əməllərini həyata keçirmək üçün şəhidin fotolarını montaj edərək guya onun əsirlikdə sağ olmasını əks etdirən yeni şəkillər hazırlayıblar. Onlar hətta qrim ustasının yanına gedərək guya şəhid haqqında sənədli film çəkiləcəyini qeyd ediblər. Balaxan Hüseynlinin qrimdən istifadə edərək şəhidə bənzədilməsinə nail olublar.

Balaxan Hüseynlinin qrimlənmiş şəkillərini və videogörüntülərini şəhidin anasına göstərərək onu övladının sağ olduğuna inandırmağa nail olublar.

Niyyətlərini həyata keçirmək məqsədi ilə mərhumun qohumu Balaxan Hüseynli öz səsini şəhid qohumunun səsinə bənzədib, bir neçə dəfə İxtiyar Orucovun telefonunda şəhidin anası ilə danışıb və sağ olduğuna dair onlarda yanlış təsəvvür yaradıb.

Daha sonra hər iki şəxs şəhidin anasından və qohumlarından pul almaq üçün guya əsirlikdən olan övladlarını qonşu ölkələrdən biri vasitəsilə Azərbaycana gətirəcəkləri adı ilə aldadıblar, bu məqsədlə onlardan 100 min manat pul istəyib və müxtəlif vaxtlarda hissə-hissə şəhidin qohumlarından 26 min 800 manat alıblar.

2-ci Vətən Müharibəsi döyüşlərində şəhid olan Məmmədli İsa Sarı oğlu 2002-ci il yanvarın 1-də İmişli şəhərində anadan olub.

Laçın uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İsa Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər