SSRİ Silahlı Qüvvələrinin və Azərbaycan Mülki Müdafiə sisteminin polkovniki, şəhid Müharib Abbas oğlu Mirzəyev Azərbaycanın peşəkar hərbi kadrlarından olub. Müharib Mirzəyev sovet ordusunun polkovniki, Moskvada hərbi akademiyaları bitirən azsaylı azərbaycanlı zabitlərdən biridir. Doğum tarixi dəqiq bilinməsə də, ya 1943-cü, ya da 1944-cü ildə Səfərəliyev (indiki Samux) rayonunun Seyidlər kəndində anadan olub. 1964-cü ildə Saratov Orta Hərbi-Kimyəvi Məktəbini, 1974-cü ildə Sovet İttifaqı Marşalı S.K. Timoşenko adına Qırmızı Bayraqlı Hərbi-Kimyəvi Müdafiə Akademiyasını bitirib. SSRİ dövründə Almaniya Demokratik Respublikasında hərbi hissə komandiri, Çexoslovakiyada, Gürcüstanda müxtəlif yüksək hərbi vəzifələrdə qulluq edib. 1980-cı illərdə Naxçıvanda, Qazaxda, Şirvanda hərbi qulluğunu davam etdirib. Müstəqillik dövründə Gəncə Regional Mülki Müdafiə qərargahının rəisi olub.
Müharib Mirzəyevin qardaşı oğlu, Milli Məclisin deputatı Aydın Mirzəzadə Teleqraf.com-un qonağı olaraq bu dəyərli azərbaycanlı haqda danışıb.
Əvvəlcə babasından, daha sonra əmisinin təhsil aldığı hərbi məktəblərdən, vətənpərvərliyindən və keçdiyi döyüş yolundan söz açan Aydın Mirzəzadə deyir ki, babası Abbas kişi əslən Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonundandır: “Nəslimizin 200 illik tarixini bilirəm, gedib XVII əsirə çıxır. 1942-ci ildə babam ailəsini götürüb Gəncə ətrafına gəlir. Həm ata babam, həm də nənəm çox imkanlı ailələrdən olublar. Abbas babamın nəsilləri maldarlıqla məşğulmuş, 10 minlərlə qoyun sürüsü varmış. Həmişə Gəncə bazarına bayramlar ərəfəsində satışa mal-qara çıxarırmışlar.
Ata nənəm isə Göyçə bölgəsində Məhəmməd adlı çox məşhur bir tacirin ailəsindən olub. 1918-ci ildə erməni hərbi birləşmələri onların kəndlərinə hücum edəndə kəndin silahını nənəmin atası Məhəmməd kişi alıb. O özü də döyüşüb və həmin döyüşlərin birində həlak olub. Nənəm xatırlayırdı ki, ermənilər onların evlərini zəbt edib və gözlərinin önündə yandırıblar.
Babamın və nənəmin ata-anaları, qardaş-bacıları, əmi-dayıları olmayıb. Onlar ailədə tək olublar. Babam Abbas həmişə Kübra nənəmə deyərmiş ki, şəcərəmizə görə məni bir gün tutub Sibirə aparacaqlar, uşaqlar başsız qalacaq. Doğurdan da 30-cu, 40-cı illərdə Xalq Daxili İşlər Komissarlığı (NKVD) dəfələrlə babamı tutub aparıb sürgün etmək istəyirmiş.
1943-44-cü illərdə müharibə getdiyinə görə, əmim dünyaya gələndə adını Müharib qoyurlar. 1945-ci ildə babam adi soyuqdəymədən vəfat edir. Həmin vaxt Kübra nənəmin 40 yaşı varmış. Bütün ailənin yükü beş uşağı olan Kübra nənəmin və evin böyük oğlu atam Böyükkişinin üzərinə düşür.
O vaxtı atam 20, ortancıl əmim 15, bir bibim 13, digəri 8, Müharib əmim isə 1 və ya 2 yaşlarında olub. Babamın vəfatından sonra ailə böyük çətinlik çəkib, bununla belə atam öz qardaş-bacılarına ata kimi qayğısını əsirgəməyib və hamısının ali təhsil almasına dəstək göstərib”.
Aydın Mirzəzadə deyir ki, atası Böyükkişi 1948-ci ildə Mingəçevirə işləməyə gəlir: “Atam Mingəçevirdə ev alır, bacı-qardaşları da tədricən onun yanın köçürlər. Onlar da şəhərdə orta məktəbi bitirib orada ev sahibi olurlar.
Müharib əmim də orta məktəbi bitirdikdən sonra Mingəçevirdə tikində işləyir. 1964-cü ildə Saratov Orta Hərbi-Kimyəvi Məktəbinə qəbul olur. Əmimin hərbə maraq göstərməsinin səbəbini bu yaxınlarda bilmişəm. Mingəçevirdə böyük bir hərbi hissə varmış. Əmim rus dilini yaxşı bilirdi. Orada təqribən özü yaşlarında bir zabitlə tanış olur. Onunla söhbət edərkən əmimdə hərbiçi olmaq həvəsi yaranır. 1967-ci ildə hərbi məktəbi yaxşı qiymətlərlə bitirir. Baxmayaraq ki, Azərbaycan məktəbini bitirmişdi və rus mühitinə birinci dəfə düşürdü, amma sayılan kursantlaran biri olur. Elə həmin ildə əmimin hərbi təyinatını Almaniya Demokratik Respublikasına (ADR) verirlər.
1968-ci ildə əmim Almaniyadan Çexoslovakiyaya göndərilən hərbi hissələrin birində olur. Amma orada yerli əhaliyə qarşı hücumda və hərbi əməliyyatlarda iştirak etmir, sadəcə hərbi obyektlərin qorunmasında xidmət göstərir. Sonradan danışırdı ki, ora niyə getdiyini anlamayıb. Yerli əhali öz həyatını yaşamaq istəyən, heç kəslə konflikti olmayan bir xalq olub. Əmim danışırdı ki, bunun siyasi bir iş olduğunu anlayıb, amma sovet dövründə hərbiçilər göstərişə qarşı çıxa bilməzdilər.
Əmim orta hərbi təhsil aldığına görə, hərbi akademiyaya daxil olmaq istəyir. Həmin dövrdə sovet ordusunda azərbaycanlı zabitlər az idi. Bu da ondan irəli gəlirdi ki, Azərbaycan dilini bilənlər hərbi məktəblərə daxil olmaqda çətinlik çəkirdilər. Sonradan 1971-ci ildə Ulu öndər Heydər Əliyev Cəmşid Naxçıvanski adına hərbi məktəb yaratdı. Azərbaycan məktəblərində oxuyan gənclər orada rus dilini öyrəndilər, hərbi məktəblərə daxil oldular. Təəssüf ki, əmim kimilər çox az idi.
Müharib əmim o dövrdə Sovet İttifaqı Marşalı S.K. Timoşenko adına Qırmızı Bayraqlı Hərbi-Kimyəvi Müdafiə Akademiyasına daxil olur. Akademiyada oxumaq hər zabitin ən böyük arzularından idi və bu, əmimə nəsib olmuşdu. O, 1974-cü ildə hərbi akademiyanı bitirib mayor rütbəsini alır, yenidən Almaniyaya göndərilməsini istəyir”.
Müsahibimizin sözlərinə görə, 1974-cü ildə əmisini Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə dəvət edirlər: “Şöbə müdirlərindən biri onu qəbul edib deyir ki, akademiyanı bitirdiyini Mərkəzi Komitənin birinci katib Heydər Əliyev bilir və sənin hərbi təhsildə olmağını müsbət qarşılayır. Əmimə Azərbaycanda xidmət göstərməsi təklif olunur. İki il - 1974-1975-ci illərdə 30 yaşlı zabiti təkidlə Bakı rayonlarından birinə hərbi komissar göndərmək istəyirlər. Amma əmim bu təklifdən imtina edir. Bunu əmim atama danışanda eşitmişdim.
Deyirdi ki, mən hərbi komissar olmaq üçün yox, hərbçi olmaq üçün oxumuşam. Bilmirəm düzmü edib, səhvmi edib, amma iki il ona olunan təklifdən imtina edir. Nə vaxtsa Bakıya qayıdıb orduda qulluq etməyi düşündüyünü bildirib.
Əmim hərbi kimyaçı idi. Kimyəvi, radioaktiv və bioloji silahlar sovet ordusunun ən gizli və ən güclü sahələrindən biri idi. Doğrudur, ondan heç vaxt istifadə edilmirdi, amma SSRİ-Qərb qarşıdurmasında bundan bir güc vasitəsi kimi yararlanırdılar. Bu sahəni yaxşı bilən mütəxəssislərə ehtiyac var idi. Bu mütəxəssislərin içərisində bəlkə də yeganə azərbaycanlı və müsəlman Müharib Mirzəyev olub. Gənc yaşlarından kimyəvi bioloji və radioaktiv silahlar olan bölgələrdə xidmət edib.
Uzun müddət Almaniyada qulluq edib, sonra ona yenə Azərbaycanda xidmət etmək təklif olunub. Bilirdilər ki, hərbi komissarlıqda işləmək istəmir. Əmim özünü başqa sahədə görürdü. Gəlib əvvəlcə Naxçıvanda, sonra Şirvanda (Əlibayramlı) və nəhayət, sonda Gəncə Regional Mülki müdafiə qərargahının rəisi işləyir. Mülki müdafiə - bütün təsərrüfatın, iqtisadiyyatın, mülki sektorun mümkün ola biləcək müharibəyə hazırlıq vəziyyətində saxlanması idi. Bu sahədə də o, özünü müsbət tərəfdən göstərir.
1990-cı ildə Naxçıvanda işləyərəkən ona general rütbəsi verib, Rusiyanın vilayətlərinin birinə mülki müdafiə qərargahına rəis göndərmək istəyirlər. Əmim yenə imtina edir, bildirir ki, 20 ildən çox Azərbaycandan kənarda çalışıb, təqaüd yaşına yaxın ölkədə işləmək istəyir. Hər halda sovetin general rütbəsini ala bilərdi, amma əmim üçün bu, çox da əhəmiyyətli deyildi. O, Azərbaycana xidmət göstərmək istəyirdi”.
Deputat onu da vurğulayıb ki, 1990-cı illərdə xalq hərəkatı vüsət alanda, Qarabağ müharibəsi başlayanda əmisi Müharib Mirzəyev Gəncə Regional Mülki Müdafiə qərargahının rəisi olub: “Böyük bir zonanın müharibəyə hazırlıq vəziyyətinə əmim cavabdeh idi. Fəaliyyəti barədə demək olar ki, danışmırdı. Çox təəssüf ki, həmin dövrdə mən də ona əlavə suallar verə bilmədim. Ancaq o, işinə məsuliyyətlə yanaşırdı.
1992-cı ildə AXC hakimiyyətə gələndə Gəncə Regional Mülki Müdafiə qərargahının balansındakı kimyəvi radiasiya laboratoriyası olan “UAZ” markalı avtomobilini onun əlindən almaq istəyirlər. Əmim deyirdi ki, həmin laboratoriyanın 1 milyon dollar qiyməti olub. Cəbhəçilər isə maşındakı avadanlıqları söküb onu sadəcə minik vasitəsi kimi istifadə etmək istəyirmişlər. O vaxtı belə maşını hər ölkə ala bilmirdi. O hiss edəndə ki, maşını onun əlindən alacaqlar, gecə ilə laboratoriyanı Gəncə ətrafında etibarlı bir adamın tövləsində gizlədir. Həmin maşın Heydər Əliyev hakimiyyətə gələndən sonra yenidən hərbi sahəyə qaytarılır.
Eşitdiyimə görə, 92-ci ildə əmimi müdafiə nazirinin müşaviri olmağa dəvət ediblər, amma o yenə imtina edir. Bildirir ki, belə səriştəsiz insanlarla işləyə bilməz. Nə səbəbdənsə onu döyüşlərə cəlb etməmişdilər. Görünür, o vaxtı Gəncə və ətrafında mülki mülkü müdafiə sisteminin qorunub saxlanmasına və əmim kimi bir mütəxəssisin bu işə rəhbərlik etməsinə böyük ehtiyac varmış”.
Aydın Mirzəzadə bildirir ki, əmisinin peşəsinə özünəməxsus həssaslığı və yanaşma tərzi olub: “1995-ci ildə əmim Gəncə ətrafında kəndlərin birində bir ailənin üzvlərinin hamısı arıqlamağa başladığını eşidir. Bu adi bir məişət söhbəti kimi görünsə də, əmim bir mütəxəssis kimi başa düşür ki, onlarda nəsə radioaktiv qurğu var və şüalanmaya məruz qalıblar. O, bir neçə əsgəri götürüb ailənin olduğu kəndə gedir. Görür ki, ailə üzvlərinin hamısı həddən artıq arıqlayıb və bu, şüalanmanın əlamətidir.
Soruşur ki, evə qeyri-adi nəsə gətiriblərmi? Məlum olur ki, ailənin başçısı çoban olub və yerdə yumru parıldayan bir şar tapıb evə gətirib. Radiasiya mənbəyi olan həmin şarı servanta qoyublar. O əlində olan bütün imkanlardan istifadə edib həmin şarı oradan götürür, evi də dezinfeksiya etdirir. Əmim çobanın şarı tapdığı yerə gedib baxmağı da unutmur. Əraziyə baxış keçirəndə məlum olur ki, rus ordusu çıxarkən oraya radioaktiv tullantılar atıb və bu barədə Azərbaycan tərəfinə xəbər etmirlər.
Bu tulantılar yaşayış yerindən kənarda olsa da, radiasiya mənbəyidir. O, əsgərləri geri göndərib özü ərazidəki radiasiya mənbəyinin qarşısını alarkən güclü şüalanmaya məruz qalır. Artıq onun sağalma ehtimalı yox idi, elə 1995-ci ildə 50-51 yaşında dünyasını dəyişir. Bu əməliyyatda iştirak etdiyinə görə əmimə şəhid statusu verirlər və Göygöl rayon şəhidlər xiyabanında dəfn olunub.
Mütəxəssis olduğuna görə, ölümə getdiyini bilirdi. O, radioaktiv ərazinin girişinə məhdudiyyət qoyub nəyisə gözləyə bilərdi. Amma bilirdi ki, bu tullantılar ərazidə qaldıqca onun fəsadı çox ola və insanlar bundan dünyasını dəyişə bilərlər. Özünü qurban verməklə bir çox insanların həyatını xilas etdi. Hesab edirəm ki, əmim və digər şəhidlərimizin hər biri bizlər üçün həyatını qurban verib”.
Müsahibimiz deyir ki, Müharib Mirzəyev tək ailəsi üçün yox, bütün el-oba üçün bir nümunə olub: “Özünü təsdiq etməyi, həyatda uğur qazanmağı, yaxşı ailə başçısı olmağı, Azərbaycan üçün çalışmağı bir nümunə idi. Onun hər dəfə hərbi formada yüksək əhval-ruhiyyədə məzuniyyətə gəlməsi qohum-əqrəba arasında, el-obada nə qədər azərbaycanlı gənclərin hərbi məktəbə getməsinə səbəb oldu. Xeyirxah insan idi, həmişə gənclərə diqqətli olub, onlara yaxşı məsləhətlər verirdi.
Bir dəfə ortancıl əmim oğlu akordeona maraq göstərdiyini, amma Mingəçevirdə bu musiqi alətini tapa bilmədiyini dedi. Müharib əmim gələn il o uşağa alman akkordeonu alıb gətirmişdi. Həmişə qardaşı və bacısı uşaqları ilə maraqlanırdı. Daim bizlərdən məktəbi bitirib hansı sənətə sahib olacağımızı soruşardı. Uşaqları təhsilə həvəsləndirirdi. Ümumiyyətlə, bizim nəsildə ali təhsilə böyük maraq var. Hamı gəncləri ali məktəbə qəbul olmağa, sənət sahibi olmağa yönəldirlər. Əmim bu işdə fəallıq göstərirdi.
Onun şəxsiyyətində eyni zamanda böyüklərə hörmət mədəniyyətini də görürdük. O, həyatının müəyyən hissəsini bizimlə yaşamışdı. Məndən 13 yaş böyük olan əmim böyük qardaş kimi idi. Həmişə anam üçün deyərdi ki, Ağbacı mənim ikinci anamdır. Saç-saqqalının ağarmasına baxmayaraq, həmişə anamın yanında özünü uşaq kimi aparırdı.
Şahmatı gözəl bilirdi. Bəlkə də bu yolla davam etsəydi tanınmış şahmatçı olardı. Musiqini, ədəbiyyatı sevirdi, pozitiv insan idi. Üzündən heç vaxt təbəssüm əskik olmazdı. Gur səsi var idi, güləndə gülüşü hər yerə yayılırdı. Həmişə xatirəsi bizim üçün əzizdir. Bir sözlə, həyatını layiqli yaşadı.
Gözümü açandan əmimi hərbi fəaliyyətdə görmüşəm. Əmim o vaxtı hərbi məktəbdə oxuyanda nənəm məktubları öz dili ilə bizim xəttimizlə yazdırardı. Məktub yazanlardan biri də mən idim. İndiyə qədər ona yazdığım məktublar yadımdadır. Bunlar bizim üçün xoş xatirədi.
Əmimin məzuniyyət vaxtı bizlərə gəlməsi Mingəçevirdə yaşayan bütün qohumlar üçün böyük bir bayram olurdu. Uşaqlar onu hərbi formada, yüksək əhval-ruhiyyədə, intizamda görəndə qürur duyurdu, ondan nümunə götrürdü. Hündür, arıq, idmanla məşğul olan bir oğlan idi”.
Müharib Mirzəyev Göygöldən olan bir xanımla ailə həyatı qurur. 1984-cü ildə onun bu evlilikdən oğlu Tural dünyaya gəlir. Aydın Mirzəzadə deyir ki, hazırda hazırda ata ocağında Tural qalır: “O, övladına atasının adını qoyub. Boy-buxunu, xasiyyəti, zövqü də əmimə oxşayır. Aramızda yaş fərqi həddən artıq çoxdur, amma o bizim üçün əmioğludur. Atasının adını şərəflə qoruyub saxlayır. Atası kimi şahmatı yaxşı bilir, musiqini, ədəbiyyatı sevir. Tural bizim sevimlimiz, balaca qardaşımızdır. Əmimin həyat yoldaşı Şəfiqə xanım da bizlərə həmişə diqqətlə yanaşıb”.
Deputat deyir ki, əmisi 20 ildən çox Azərbaycandan kənarda spesifik bir sahədə işləsə də, vətəninə çox sıx bağlı olub: “Müharib Mirzəyev bir tərəfdən Azərbaycan cəmiyyətinin potensialını kənarda göstərməyi bacardı, digər tərəfdən isə əlaqələri kəsmədi. Məzuniyyət vaxtı dəfələrlə ona sanatoriyalarda dincəlmək təklif olunsa da, o, istirahətini ancaq Azərbaycanda keçirirdi.
Hərbi qulluğunun son illərində imkan oldu, Naxçıvanda çalışdı. Mən çox istəyərdim ki, onun Naxçıvanda yaxın dostluq etdiyi adamları tapım. Eşitmişəm ki, yaşadığı binada qonşuluqda bir məhkəmə sədri ilə çox yaxın olub. Təəssüf, onun adını bilmirəm ki, axtarıb tapam. Bəlkə də kimlərsə onu tanıyır, evlərində söhbətlər olur. Bəlkə bu yazı yayımlanandan sonra Naxçıvanda kimsə oxuyar, polkovnik Müharib Mirzəyevin ya özünü, ya da övladlarını xatırlayar, mən həmin adamlarla mütləq əlaqə saxlayıb əmim haqqında daha geniş məlumat almaq istərdim”.
Müharib Mirzəyevin oğlu Tural Mirzəzadə isə atasını kiçik yaşlarında itirdiyini deyib: “Atam rəhmətə gedəndə 11 yaşım vardı. Təəssüf ki, xatirələrim zəngin deyil. Amma həmişə haqqında müsbət fikirlər eşitmişəm. Uzun müddət Azərbaycandan kənarda yaşamasına baxmayaraq, həmişə öz xalqına, vətəninə bağlı olub. Xüsusi vətənpərvərliyi ilə seçilib. Sovet ordusu dağılandan sonra atama Rusiya vətəndaşlığı verib orada saxlamaq istəyirmişlər. Bilirdilər ki, atam öz işinin peşəkarıdır. Amma o, öz vətənində qulluq etməyi seçir və bu təklifi rədd edir.
Qarabağ hadisələrindən çox məyus olmuşdu. Durmadan raport yazır, ön cəbhədə vuruşmaq istədiyini aidiyyəti qurumlara göndərirdi. Hərbdə spesifik sahədə xidmət etdiyini əsas gətirərək, onu ordu sıralarına qəbul etmirdilər. Atam hərbi kimya üzrə çox savadlı mütəxəssis idi. O dövrdə çox az sayda hərbçi bu sahəyə mükəmməl bələd idi.
Atamın ölümü də radiasiyadan oldu. Sovet ordusu çıxarkən Gəncə ətrafında bir kəndə radioaktiv maddələr, konteynerlər qoyub getmişdilər. Bəlkə təxribat xarakterli atıb gediblər, bəlkə də güman edirlərmiş ki, qayıdıb götürəcəklər. Bunu bilmirik. Bir parçası qızılı rəngdə olan tullantını bir çoban tapıb qiymətli bir əşya kimi evinə aparıb. Həmin kənddə çobanın ailəsi də daxil olmaqla bir neçə nəfər radioaktiv maddələrdən güclü şüalanmaya məruz qalmışdı. Öz təşəbbüsü ilə ərazini kimyəvi tullantılardan təmizləyir, bundan sonra atam güclü şüalanmaya məruz qalır və bir neçə gün sonra - 5 may 1995-ci ildə dünyasını dəyişir”.
Tural Mirzəzadə atasının adını oğluna qoyduğunu deyir: “Müharib 2014-cü ildə aprelin 19-da anada olub. Elə atam da aprelin 27-də anadan olub. Böyüyür və atama oxşayır”.