Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
Teleqraf.com xəbər verir ki, martın 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Abşeron rayon Heydər Əliyev Mərkəzində Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.
Səfər Mehdiyev qəbuldan öncə Xırdalan şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Abşeron və Zəngilan rayonunun sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.