4 May 2022 17:27
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin əmlakları satışa çıxarılır.

Teleqraf.com xəbər verir ki, müvafiq icra və probasiya şöbələri tərəfindən Vüqar Səfərlinin müsadirə olunan əmlakları möhürlənib.

Həmin əmlaklar qiymətləndirilməsi üçün müvafiq quruma göndərilib. Əmlaklar qiymətləndirilməsi prosesi başa çatdıqdan sonra əmlaklar satışa çıxarılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərlinin bu əmlakları müsadirə edilib:

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;

Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi;

Binəqədi rayonu, Goradil kəndində 0,104 hektarlıq bağ sahəsi;

Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m);

İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 və 0,19 hektarlıq torpaq sahələri;

Binəqədi rayonu, Novxanı kəndində 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi;

oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsində 39 kv/m-lik qeyri-yaşayış sahəsi;

“Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobillər;

“Rabitəbank” ASC-də hesabında olan 300 min manat, həmin bankda oğlunun hesabında olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat.

Xarladaq ki, Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum edilib.

Vüqar Səfərlili ilə birlikdə müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də məhkum olunublar.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli və Nadir Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər