16 May 2022 14:26
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz-Şəki avtomobil yolunun 34.6 km-lik əsas hissəsinin yenidən qurulması davam etdirilir. Əsas hissənin 7 km-i 3-cü texniki dərəcəyə uyğun, 27.6 km-i isə 2-ci texniki dərəcəyə uyğun şəkildə yenidən qurulur. Bunun üçün yolboyu genişləndirmə işləri aparılıb.

AAYDA-dan Teleqraf.com-a bildirilib ki, yenidənqurma işləri zamanı yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilib. Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb, su keçidləri inşa edilib. Hazırda yolboyu yeni asfalt-beton örtüyünün 2-ci layının döşənməsi işləri aparılır.

Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması layihəsinə əsasən, Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni körpünün inşası həyata keçirilib. Yeni 1 aşırımlı avtomobil körpüsünün uzunluğu 15 metr, eni isə 13 metr təşkil edir.

Daşağıl çayı üzərində 132, Küngüt çayı üzərində 78, Kiş çayı üzərində 420, Qurcana çayı üzərində isə 42 metr uzunluğunda olan mövcud körpülər üzrə isə nəzərdə tutulan təmir işləri aparılır. Yol boyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi də layihə üzrə görülən işlərdəndir.

Layihə çərçivəsində 9 km uzunluğa malik “Şəki dairəvi yolu”nun da (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmir işləri aparılır. Şəki dairəvi yolunun 6 km-lik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəli, 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlı olmaqla 2-ci texniki dərəcəlidir.

Bundan başqa 3.4 km-lik Oğuz və 3.2 km-lik Şəki şəhərlərinə giriş yollarının 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması həyata keçirilir.

Yenidənqurma işlərinin sonunda layihə boyu zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Yenidənqurma işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər