Baş prokuror Tərtər şəhərində vətəndaşları qəbul edib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, baş prokuror Zakir Qaralov noyabrın 27-də Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror və Tərtər rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 32 vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.
Müraciətlərdə qaldırılan məsələlərin əksəriyyəti elə yerindəcə həllini tapmış, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər araşdırılması üçün aidiyyəti üzrə göndərilib.
Hacı Zeynalov