18 May 2022 09:05
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oftolmoloq Aynurə Əliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Doktor, son dövlərdə eynəkli uşaqların sayı artıb. Bu hal nə ilə əlaqədardır?

- Uşaqlarda sonradan yaranmış eynək korreksiyasına təlabat rəqəmsal cihazların istifadəsinə aludə ilə də əlaqədardır. Anadangəlmə görmə zəifliyi isə genetik faktorlara əsaslanır.

- Qidaların burada rolu nə qədərdir?

- Düzgün qidalardan istifadə etməklə göz toxumalarının lazımı mikroelementlərlə təminatını ödəmək lazımdır. Qida rasionunda qırmızı, sarı, narıncı rəngli meyvə və tərəvəzlərə yer ayırmaq, balıq, tünd rəngli, enli yarpağlı göyərtilər istehlak etmək tövsiyə olunur.

- Bəzi insanlar bu göz zəifliyindən qorunmaq üçün optik eynəklərə üz tutur. Bu eynəklər bizi göz problemindən nə dərəcədə qoruyur?

- Qoruyucu adlanan bəzi eynəklər görmənin zəifləməsinin qarşısını almır. Sadəcə, bu eynəklər gözə düşən, istifadə olunan monitorun işıq kütləsinin əks təsirinin qarşısını alır. Optik eynəklər görmə korreksiyası məqsədlidir. Optik eynək istifadə etmək gözdəki görmə gərginliyi, yorğunluğu azaldır.

- Eynək seçərkən nələrə diqqət edək?

- Eynək seçərkən eynək çərçivəsinin göz və üz ölçülərinə uyğun olub-olmadığına, hazırlandığı materiala və ən əsası çərçivədə olan linza (şüşələrin) keyfiyyətinə diqqət etmək lazımdır. Eynək yüngül, qulaqlıqları başı sıxmayacaq formada olmalıdır.

- Günəş şüalarının gözə hansı zərərləri var?

- Günəş şüalarının gözə əlbəttə ki, ziyanı var. Buna görə mütləq şəkildə fəsildən asılı olmayaraq günəşli havada ultrabənövşəyi (UV) qoruyucu şüşəli eynəklər istifadə etmək məsləhətdir.

UV şüaların təsirindən gözün ön səthində olan piqmentli (ləkələr) ocaqlar artır, gözün içində olan büllurun rəngi dəyişir. Görməni təmin edən mərkəzdə, "sarı ləkədə" geridönməz degenerativ dəyişikliklər baş verir.

- Gözlərimizi qorumaq üçün hansı amillərə diqqət etməliyik?

- Gözlərimizi qorumaq üçün görmə gərginliyi ilə keçən işlərdə fasilə vermək, sağlam normal yuxu yatmaq, ildə bir dəfə müayinədən keçmək, gözləri günəşdən qorumaq lazımdır.

- Neçə yaşdan sonra gözlərin zəifləməsi normal hal hesab olunur?

- Adətən 40 yaşdan sonra görmə zəifləməsi başlayır. Yaşla əlaqədar yaxını görmə zəifləməsi normal sayılır. Uşaqlarda görmə gərginliyindən ortaya çıxan "spazm" nəticəsində keçici olan göz nömrələri, refraksiya göstəriciləri də normal qəbul olunur. Belə ki, dərman damlası istifadə etməklə bu problem aradan götürülə bilinir.


Müəllif: Aysel Azad