“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqliyin bariz nümunəsidir.
Teleqraf.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılış mərasimində deyib.
Onun sözlərinə görə, "TEKNOFEST" gənclərin festivalıdır və Azərbaycan xalqı haqlı olaraq öz gəncləri ilə qürur hissi keçirir. 44 günlük Vətən müharibəsində bu gənclərimiz Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağı düşməndən azad etdi:
"TEKNOFEST" gənclərə 6 ay ərzində bir-birindən öyrənmək bacarığını mənimsətdi. Burada müxtəlif yarışmalar, festivallar keçirilib. Düşünürəm ki, festivalda hər bir şəxs qalibdir. Buradakı ən önəmli tədbirlərdən biri "Smart Qarabağ" hackatunudur. TEKNOFEST startap festivalıdır.
28 mayda qaliblər elan olunacaq, ancaq burada iştirak edən hər kəs qalibdir. Startap festivalında bizim gənclərimiz xaricdən dəvət olunan investorlarla birlikdə işləyəcəklər. Burada Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin əzəmətinin şahidi olacağıq. TEKNOFEST elmin, qardaşlığının qələbəsidir".