22 İyun 2022 14:55
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədris ilinin sentyabrın 15-də deyil, sentyabrın 1-də başlaması təklifini təhsil ekspertləri zaman-zaman səsləndirib və əsaslandırıblar. Mən də bununla bağlı münasibət bildirmişdim. Hesab edirəm ki, dərslərin 1 sentyabrda başlaması doğru olardı. İyunun 14-də tədris ili sona yetir və təhsil alanlar 3 ay təhsildən kənarda qalırlar.

Teleqraf.com-a açıqmasında bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

Onun sözlərinə görə, dünya təcrübəsini də nəzərə alaraq dərslərin 1 sentyabrda başlayıb 14 iyunda başa çatması daha məqbuldur:

“Dünya təcrübəsində 3 aylıq yay tətili şagirdlərin dərslərdən uzaq qalmasına və istirahət etməsinə kifayət edir. Sentyabrın 15-də dərslər başlayırsa, şagirdlər 1 həftə, 15 gün arasında məktəbə adaptasiya dövrü keçirlər. Həmçinin iyunun 14-də tədris ilinin başa çatmasına baxmayaraq, mayın ikinci yarısında məktəblərdə dərslərə davamiyyət azalır. İqlimlə əlaqədar bildirilir ki, dərslərin sentyabrın 15-də başlaması məqbuldur. Düşünürəm ki, dərslər 1 sentyabrda başlayıb, 14 iyunda bitsə, daha yaxşı olar. Biz 15 günü əslində təhsilə vermiş olarıq. Biz şagirdləri məktəbdən bu qədər ayırmalı deyilik”.

Ekspert hesab edir ki, tətil və bayram günlərinin çox olması şagirdləri tədrisdən uzaqlaşdırır:

“Azərbaycanda təqvim ilində xeyli bayram var, məktəblərin böyük əksəriyyəti 5 günlük təhsilə keçid ediblər. Bununla yanaşı tətillər də var, dərsə nə qədər vaxt qalır? Məktəbdə tədrisə ayrılacaq zaman azalır, proqram mövzuları isə kifayət qədər çətindir, şagirdlər xeyli yüklənirlər. Bu da şagirdlərin psixi durumuna zərər yetirir. Amma biz 15 günə qənaət etsək, təhsildə qazanmış olarıq.

Müqayisə üçün deyim, bizdə məktəblilər həftənin 5 günü səhər saat 08:00-dan günorta 13:00-dək məktəbdə olurlar. Bəs Yaponiyada, Cənubi Koreyada bu vəziyyət necədir? Təhsilə vaxt ayırmağın şagirdə heç bir ziyanı yoxdur. Təbii ki, şagirdə əyləncə də, idman da lazımdır. Məktəbləri infrastruktur baxımından elə səviyyəyə gətirməliyik ki, şagirdlər dərsdən sonrakı müddəti də məltəbdə keçirə bilsinlər. Biz məktəbdən qorxmalı deyilik. Uşaq məktəbə daha çox zaman ayırmalıdır”.


Müəllif: Aysel Azad