4 İyul 2022 11:37
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövrümüzə qədər gəlib çatan abidələr hazırda dövlətimiz tərəfindən qədim, çox qiymətli nümunələr kimi qorunur. Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva tərəfindən bu sahəyə diqqət göstərilir. Bu kitab tarixi mədəniyyət abidələrimizin təbliği baxımından önəmlidir. Mədəni irsimiz milli kimliyimizin vacib hissəsi olaraq kim olduğumuzu, ulu babalarımızın yaşam tərzini, dünyaya baxışını özündə ehtiva edir.

Teleqraf.com xəbər verir ki, bunu Mədəniyyət naziri Anar Kərimov "Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz: "İrəvandan Zəngəzuradək" kitabının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, Ermənistan Beynəlxalq Hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan xalqına məxsus olan maddi və mədəni irsin dağıdılıb məhv edilməsinə görə məsuliyyət daşıyır.

Anar Kərimov qeyd edib ki, UNESCO Azərbaycanın maddi və mədəni irsinin Ermənistan tərəfindən dağıdılmasına səssiz qalır:

"Bu il fevralın 4-də Prezident İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videofotmatda keçirilən görüşdə UNESCO-nun təkcə Azərbaycana yox, həm də Ermənistana missiyaların göndərilməsinə dair razılıq əldə edilib. Lakin Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqeyə görə belə bir missiyanın səfəri bu günə qədər baş tutmayıb. Mən UNESCO-nun fəaliyyətsizliyi və mövqeyini qeyd etmək istəyirəm. Uzun illər boyu Azərbaycan torpaqlarının işğal altında olması nəticəsində orada olan tarixi mədəniyyət abidələrimizin qəsdən dağıdılması və bu haqda əldə etdiyimiz çoxsaylı fotofaktların UNESCO katibliyində müxtəlif forumlara təqdim etməyimizə baxmayaraq təşkilat faktiki olaraq bu əyani sübutlara göz bağlayıb. İşğalçı tərəfə təzyiq və ya bəyanat səsləndirməyib. Təəssüflər olsun ki, bu, təşkilatın siyasiləşdirməsinə dəlalət edir".

Nazir bildirib ki, UNESCO-nun məsələyə reaksiya verməsi üçün Azərbaycan tərəfinin, cəmiyyətimizin, QHT-lərin üzərinə böyük məsuliyyət düşür:

"Azərbaycan tərəfi dəfələrlə bu məsələni UNESCO müstəvisində qaldırıb. Bununla yanaşı, Azərbaycan vətəndaş cəmiyyətləri, çoxsaylı QHT-ləri hazırkı Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması ilə bağlı çoxsaylı materiallar UNESCO komitəsinə təqdim edilib. Ümid edirik ki, UNESCO bu çoxsaylı faktlara səssiz qalmayıb, belə texniki missiyanın həyata keçirilməsinə başlayacaq. Bu gün tədim olunan kitabda da 244 abidə tədqiq edilib. Kitabda hər abidə haqqında məlumat əldə etmək mümkündür. Bu kitab Ermənistan ərazisindəki tarixi torpaqlarda Azərbaycan mədəni irsinin məhv edilməsi, yer üzündən silinməsi prosessi haqqında təsəvvür yaratmağa imkan yaradır. Arzu edirəm ki, kitabın daha geniş kütləyə çatdırılması üçün beynəlxalq müstəvidə işlər aparılsın".


Müəllif: Aysel Azad