1 Avqust 2022 14:20
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi həqiqi hərbi xidmətə təkrarən qayıtma iddiası ilə sosial şəbəkələrdə çıxış edən vətəndaş Şahverdiyev Nemət Vəli oğlu ilə bağlı müraciəti cavablandırıb.

Nazirlikdən Teleqraf.com-a daxil olan məlumatda deyilir:

"Ehtiyatda olan baş leytenant Şahverdiyev Nemət Vəli oğlu 07 avqust 2016-cı ildən 13 iyul 2020-ci ilədək Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Hərbi xidmətdə olduğu dövrdə Müdafiə Nazirliyinin rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq N.Şahverdiyev xidmət zamanı smartfon tipli telefondan istifadə etmiş və hərbi hissənin ərazisində hərbi texnikanı, eləcə də hərbi qulluqçuları əks etdirən foto-video görüntülər çəkərək öz şəxsi sosial şəbəkə hesablarında paylaşıb. Bununla bağlı hərbi hissə komandanlığı tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq N.Şahverdiyev nizamnaməyə zidd hərəkətlərini davam etdirib.

"Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən N.Şahverdiyev 13 iyul 2020-ci ildə ehtiyata buraxılmışdır.
Vətəndaş N.Şahverdiyevin Müdafiə Nazirliyinə ünvanladığı ərizələrinə baxılaraq ona rəsmi qaydada dəfələrlə cavab verilib.

Onun yenidən həqiqi hərbi xidmətə qəbul olunması ilə bağlı müvafiq xüsusi yoxlama tədbirləri həyata keçirildikdən sonra N.Şahverdiyevin ordu sıralarına qayıtması məqsədəuyğun hesab edilməyib.

Bir daha bildiririk ki, xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən xidmətə qəbul olunmaları qanunun tələblərinə ziddir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər