Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə həzrətləri İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
QMİ-dən Teleqraf.com-a verilən məlumata görə, iranlı qonaqlar əvvəlcə Təzəpir məscid-kompleksini ziyarət ediblər. Sonra Ə.İ.Türkmənin başçılıq etdiyi nümayəndə heyətini A.Paşazadə qəbul edib. QMİ sədri ölkələrimiz arasında dostluq və səmimiyyət əsasında qurulan münasibətlərin getdikcə daha da inkişaf etdiyini bildirib, bu işdə iki ölkə arasındakı mədəni əlaqələrin xüsusi rol oynadığını vurğulayıb. Şeyxülislam Ə.İ.Türkmənin Mədəniyyət və İslami Əlaqələr Təşkilatına sədr seçilməsi münasibətilə təbrik etdi və işlərində uğurlar diləyib.
İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən Azərbaycanla İran arasındakı əlaqələrin inkişafının hər iki ölkə üçün faydalı olduğunu söyləyib. İranlı qonaq təşkilat sədri qismində ilk xarici səfərini məhz Azərbaycana gerçəkləşdirdiyini vurğulayıb və ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında əlindən gələni əsirgəməyəcəyini bildirib.
Görüşdə A.Paşazadə İrana son səfərinin uğurlu keçməsindən məmnunluq hissi ifadə olunaraq ikitərəfli əlaqələrin genişlədirilməsində bu cür səfərlərin önəmi qeyd olunub. Tərəflər iki ölkə xalqının müştərək mədəniyyət, tarix, din, dil və adət-ənənələrə malik olduğunu bildirərək mədəniyyət sahəsində əlaqələrin daha da artırılmasının vacibliyini vurğulayıblar.
Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, sədr müavinləri Hacı Sabir Həsənli və Hacı Fuad Nurullah, QMİ-nin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, habelə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, İranın Ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad, İranın Bakıdakı Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi və başqaları iştirak ediblər.
BƏXTİYAR