Yanğın baş vermiş ərazilər xəritələşdiriləcək və yanaraq məhv olmuş meşə sahələrində payız ağacəkmə mövsümündə mərhələlərlə meşəbərpa tədbirləri həyata keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev 2022-ci ilin avqust ayında Azərbaycanda baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ilk mərhələdə yanmış və bioloji inkişafı mümkün olmayan ağacların götürülərək ərazinin iqlim şəraitinə və həmin ərazidəki ağac növlərinə uyğun meşəcinsli toxumlar səpiləcək, tinglər əkiləcək:
"Sevindiricidir ki, bütün meşə örtüyü məhv olmayıb. Yanan ərazilərin monitorinqi davam etdirilir, monitorinqlər başa çatdıqdan sonra meşəbərpa tədbirlərinə başlanılacaq.
Bu il sentyabr ayında 3 milyon ağacın əkilməsini hədəfləmişik".
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev isə hesab edir ki, yüksək dağlıq ərazilərə imkan daxilində torpaq yollar çəkilməlidir.
Onun sözlərinə görə, ucqa ərazilərdə avtomobilin girişinə maneə olduğu üçün yanğınların söndürülməsində çətinliklər yaradıb: "Türkiyə təcrübəsində gördük, süni gölməçələr yaradılmalıdır.
Əsasən avqust aylarında moruq sezonu başlayır. İnsanlar meyvə toplamaq məqsədilə meşədə gecələyirlər. Bu da yanğınların çoxalmasına səbəb olur".
O qeyd edib ki, avqust ayında şimal bölgəsində baş verən ərazilərdə insan itkisi müşahidə olunmayıb.