29 Sentyabr 16:16
263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi yeni elektron xidmət ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq.

Teleqraf.com xəbər verir ki, yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradacaq. Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan “E-customs” elektron portalı və ya “Smart customs” mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir.

Onlayn qaydada gömrük orqanına göndərilən müraciət və sənədlərin düzgünlüyü yoxlanılır, qanunvericilikdə göstərilən müddət ərzində avtonəqliyyat vasitəsinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikat vətəndaşın şəxsi kabinetinə göndərilir.

Dövlət Gömrük Komitəsi tərəfindən gömrük prosedurlarının rasionallığının təmin edilməsi, rəsmiləşdirmə, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində tətbiq edilən bu yenilik məmnunluğun, şəffaflığın təmin olunmasına, növbələrin, vətəndaş-məmur təmasının aradan qaldırılmasına şərait yaradacaq.


Müəllif: Teleqraf.com