Milli Məclisdə (MM) “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib.
Teleqraf.com xəbər verir ki, dinləmələrdə parlament üzvləri ilə yanaşı, MM-də təmsil olunan və təmsil olunmayan siyasi partiyaların nümayəndələri də iştirak ediblər.
Tədbiri açıq elan edən Milli Məclisin vitse-spikeri, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli çıxışında xatırladıb ki, “Siyasi partiyalar” haqqında qanun 30 il bundan əvvəl qəbul edilmişdi:
“Təbii ki, bu illər ərzində Azərbaycan təpədən dırnağa kimi dəyişib. Artıq Azərbaycan bütün dünyaya yeni libasda təqdim olunur. Belə ki, məğlub Azərbaycan qalib ölkə kimi sözünü deyir. Həmçinin beynəlxalq arenada söz sahibidir. Yeni qanun layihəsinin hazırlanmasında siyasi partiyaların da təklifləri kifayət qədər əsaslı rol oynayıb”.
Daha sonra Sosial Tədqiqatlar Mərkəzinin siyasi partiyalarla bağlı əhali arasında keçirdiyi sorğunun nəticələri açıqlanıb.
Daha sonra çıxışlar başlayıb.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, siyasi partiyalarla əlaqəli belə dinləmələrin keçirilməsini yüksək qiymətləndirir:
“Gec də olsa siyasi partiyalarla bağlı yeni qanunvericiliyin hazırlanması konstitusiyamızın tələbindən irəli gəlirdi. Bir çox Avropa və qonşu ölkələrdə siyasi partiyalarla bağlı qanunvericilikdə dəyişiklik edilib və bu kimi dəyişikliklərində Azərbaycanda olması qaçılmaz idi. 30 il ərzində ölkəmizin müstəqilliyi möhkəmlənmiş, ərazi bütövlüyümüz təmin olunub. Bundan başqa, Vətən müharibəsi dövründə siyasi partiyaların sivil siyasi mübarizə birliyi nümayiş etdirməsi bir daha bu sahədəki qanunvericiliyə baxmağa bizi sövq edirdi”.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da öz növbəsində yeni qanun layihəsinin zəruri amillər və digər şərtlər nəzərə alınmaqla bu sahədə qanunvericilik bazasının yaradılmasında maraqlı olduqlarını vurğulayıb:
“Qanun layihəsi konseptual siyasi sistemdə partiyaların yerinin və rolunun artırılması baxımından önəmlidir. Bütün bunlar da ölkə başçısının siyasi islahatlarının məntiqinə söykənir”.
Vəhdət Partiyasının sədri, deputat Təhir Kərimli qeyd edib ki, siyasi partiyalarla bağlı qanunun yenilənməsinə ciddi ehtiyac var idi: “Əgər səhv etmirəmsə, ölkədə dövlət qeydiyyatına alınmış 58 siyasi partiya var. Ümumilikdə isə 100-dən çox siyasi partiya mövcuddur. Hətta bu gün ölkədə partiyaların əksəriyyəti bir şəxsin nüfuzu ətrafında formalaşır. Yeni hazırlanan qanun layihəsinin müəyyən hissəsi ilə razı olmasam da, biz özümüzü dövlətdə, cəmiyyətdə təsdiq etməliyik. Müstəqil dövlət olaraq niyə qapalı şəkildə fəaliyyət göstərməliyik?!”.
Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə isə deyib ki, Azərbaycan dövləti çoxpartiyalı sistemə keçid etdiyindən siyasi partiyalarla bağlı təkmilləşməyə ehtiyac var: “Çünki son illər dünyada çoxsaylı dəyişikliklər baş verir. Hesab edirəm ki, baş verən hadisələr fonunda xaricdən olan təsirlərin qarşısını almaq üçün öz siyasi sistemimizə müəyyən məhdudiyyətlər qoymalıyıq”.
Vətəndaş Birliyi Partiyasının (VBP) sədri, deputat Sabir Hacıyev əlavə edib ki, son 30 ildə cəmiyyətdə baş verən dəyişiklik, siyasi səhnədəki fəaliyyət siyasi partiyalarla bağlı başqa yanaşmalar tələb edir: “Adətən, cəmiyyətdə yeni hazırlanan qanun layihələri barədə fikirlər səsləndirilirsə, deməli, dəyişikliyə zərurət var imiş: “Hər bir qanun qəbul ediləndə heç də hamı razı olmur. Bu da bir reallıqdır. Belə dinləmələr də ona gərtirib çıxarır ki, narazılıqlar get-gedə azalır və nəticədə yaxşı qanun ərsəyə gəlir”.
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yeni qanun layihəsində əqidə ilə bağlı yer alan hissənin doğru hesab etmədiyini vurğulayıb: “Çünki partiya insanları əqidəyə görə qəbul edir. Təklif edirəm ki, bu məsələyə yenidən baxılsın. Bütün dünyada proseslər elektronlaşma üzərində qurulub. Reyestrin təqdim edilmə forması dəqiqləşdirilməlidir. Partiyaların bir çoxunun maddi resursları yetərincə deyil və reyestrə də üzvlər elektron qaydada daxil edilməlidir. Digər məsələ torpaqla bağlı məhdudiyyətin götürülməsi ilə bağlıdır ki, bu təklifi etsək də, qanun layihəsində nəzərə alınmayıb. Xahiş edirəm ki, bu məsələyə də dəqiqlik gətirilsin”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı tək iqtidar deyil, müxalifət də məsuliyyət daşıyır: “Əgər hüquq və qanundan kənara çıxılsa, deməli, məsuliyyətdən qaçmaq deməkdir. Ona görə də siyasi məsələlərdə yeni reallıq və çağırışlar kontekstindən çıxış etmək lazımdır”.
Dinləmələr digər siyasi partiya sədrlərinin çıxışları və təklifləri ilə davam edib.
***
10:25
Milli Məclisdə (MM) “Siyasi partiyalar” haqqında qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçirilir.
Teleqraf.com xəbər verir ki, dinləmələrdə parlament üzvləri ilə yanaşı, MM-də təmsil olunan və təmsil olunmayan siyasi partiyaların nümayəndələri də iştirak edirlər.
Dinləmələrdə Siyasi Tədqiqatlar Mərkəzinin siyasi partiyalarla bağlı əhali arasında keçirdiyi sorğunun nəticələri açıqlanıb.
Nəticələrdən sonra çıxışlar başlayıb.