Kürdəmirin Dəyirmanlı kəndində Azərbaycan Ordusunun giziri, şəhid Nəzər Ağacəlil oğlu Əzizovun adına inşa edilmiş bulağın açılışı olub.
Teleqraf.com xəbər verir ki, açılşıda rayonun ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, müəllimləri, məktəblilər, icra strukturlarının təmsilçiləri, hərbçi yoldaşları iştirak ediblər.
Açılışda çıxış edənlər Nəzər Əzizovla bağlı xatirələrini bölüşüblər. Müəllimləri onu nizam-intizamlı, çalışqan şagird kimi xarakterizə ediblər. Bildirilib ki, Nəzər hələ sağlığında yaşadığı kənddə, oxuduğu məktəbdə, xidmət etdiyi Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində böyük hörmət sahibi olub.
Bulağın açılışını Nəzərin 6 yaşlı oğlu Uğur edib.
Qeyd edək ki, gizir Nəzər Ağacəlil oğlu Əzizov sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribat zamanı şəhidlik zirvəsinə yüksəlib. Nəzər Əzizov 2016-cı ildə Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Xidməti dövründə bir neçə medal və fəxri fərmanla təltif olunub.
Prezidentin imzaladığı sərəncamla o, 3-cü dərəcəli Rəşadət ordeninə layiq görülüb.
Ailəli idi, 2 övladı var.