Nobel prospektində dənizçilər evinı yiyə duran yoxdur
Havalar soyuyanda xidmətinə ən çox ehtiyac duyulan və haqqında ən çox giley-güzar söylənən qurum “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti olur. Redaksiyamızın ünvanı yerləşən 7-ci mikrorayon ərazisi də daxil olmaqla bu qurumun fəaliyyəti ilə bağlı sakinlərdən xeyli şikayət almışıq.
İstilik ya zəif verilir, ya da tamam verilmir
7-ci mikrorayon sakinləri bildirirlər ki, ötən illə müqayisədə bu il istilik təminatı zəifdir, bəzi binalarda ümumiyyətlə yoxdur. Abay Kuanbayev küçəsi, bina 24, mənzil 64-də istilik batereyaları hələ də işə düşməyib. Halbuki hər il noyabrın 15-dən istilik təminatı normal olurdu.
Xətai rayonu, Nobel prospekti-110 ünvanda yerləşən Dənizçilərin İstirahət Evinin (yataqxana) sakinləri də uzun illər qış aylarında soyuqdan əziyyət çəkiblər. Bir neçə il öncə binanın istilik təchizatı qaydasına düşüb, amma sevincləri uzun sürməyib.
Bina Dövlət Neft Şirkətinin balasından çıxarılıb, Xətai Rayon İcra Hakimiyyətinin balansına veriləndən sonra problemi təkrar yaşamalı olublar. Bu ilin sentyabrında binanın qazanxanası təmir edilib və sakinlərə vəd verilib ki, bu mövsüm bina istiliklə təchizatı olunacaq. Amma vəd vermək başqa, onu yerinə yetirmək tamam başqa...
“Pul verək, istilik alaq!”
Hövsan qəsəbəsinin Füzuli Bayramov küçəsindəki 3-cü və 26-cı binanın sakinləri yazır ki, uzun illər istilik batareyaları işləmədiyindən bəzi sakinlər evdə onları artıq əşya bilərək, söküb atıblar. İndisə istilik batareyalarını öz vəsaitləri hesabına yenidən bərpa eləmək istəyirlər. Bu məqsədlə “Azəristiliktəchizat”a bir aya yaxındır məktubla müraciət ediblər, amma hələ də bir cavab almayıblar: “Necə deyərlər, pulumuzu verib istilik ala bilmirik”.
“Azəristiliktəchizat” ASC-nin müştəri və abonent xidmətinin rəisi Rafiq Əliyevlə əlaqə saxlayıb, sadaladığımız problemləri ona ərz etdik.
Yağışdan çıxdıq, yağmura düşdük
Rafiq Əliyev bildirdi ki, 7-ci mikrorayondakı problemi qeydə alıb, maraqlanacaq.
Qısa bir vaxt ərzində Abay Kuanbayev küçəsi, bina 24, mənzil 64-ə ASC-nin əməkdaşları gəldi. Məlum oldu ki, problem zirzəmidə istilik xəttinin aktiv olmaması ilə əlaqədardır. Xətt açıldı, sakinlər xidmət əməkdaşlarına minnətdarlıq etməyə macal tapmamış, məlum oldu ki, 4-cü mərtəbədəki mənzilin istilik batereyasında qəza baş verib. Bir neçə mənzili su basıb. Qonşuların etirazına qurum əməkdaşları belə cavab verdilər ki, binadaxili problemə onlar məsuliyyət daşımır: “Hələlik xətti bağlayırıq, probleminizi həll edin, sonra xətti açaq”.
İstilik təminatının əvvəlki illərlə müqayisədə bu il zəif olması məsələsini qurumun Binəqədi rayonu 3 saylı İstilik Sistemlərinin İstismar Sahəsindən (İSİS) belə izah etdilər ki, bu il qış mövsümünün tez başlaması və istiliyə tələbatın artması bir çox yerlərdə, o cümlədən 7-ci mikrorayonda yüklənmələrə səbəb olub, qəzaların sayı artıb ki, bu da təminatda problemlər yaradıb.
3 saylı İSİS-dən Süleyman Sani Axundov küçəsindəki binanın istilik təminatının isə bir qədər müşkül olduğu vurğulandı: “Bu məsələdə bina mülkiyyətçiləri aktiv olmalıdırlar, binada daxili istilik sistemi onların öz vəsaitləri hesabına təmin edilməidir. Ərazidə istilik xətti yoxdur. Texniki şərtin alınması, istilik xəttinin çəkilməsi üçün baş idarəyə müraciət olunmalıdır”.
Hövsan sakinləri 2016-cı ilədək gözləməli olacaq
Hövsan qəsəbəsi Füzuli Bayramov küçəsi, 3-cü və 26-cı binanın sakinlərinin müraciətinə gəlincə, Rafiq Əliyev dedi ki, onların məktubuna yaxın günlərdə cavab verilib: “O binaların qazanxanaları sovet dönəmində Balıq Konserv Zavodunun balansında olub və sıradan çıxıb. 2014-16-cı illərdə Bakı və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində o binalar üçün yeni istilik mənbəyinin yaradılması nəzərdə tutulub. Sakinlərin məktubuna da müvafiq cavab verilib”.
Rafiq Əliyev: “İstilik mənbəyi kimin balansındadır?”
Nobel prospekti, 110-nun istilik problemindən danışan Rafiq Əliyev dedi ki, həmin ünvanın istilik təminatı “Azəristiktəchizat”ın balansında deyil: “O bina bizim xidmət zonamıza, qurumun dislokasiyasına daxil deyil. Onlar vaxtilə istiliyi ”Azərenerji"nin İstilik Enerji Mərkəzindən alıblar. Odur ki, bina mülkiyyətçisi kimdirsə, ora müraciət edilmılidir. Nə zaman o bina bizim balansa verilsə, onların məsələsinə baxılacaq.
Məsələ ilə əlaqədar Neft Şirkətinin Sosial İnkişaf İdarəsi bizə müraciət edə bilər. Bundan əlavə, həmin qazanxananın bizim balansa keçirilməsi üçün Nazirlər Kabineti sərəncam verməlidir. Bir sözlə, istilik mənbəyi kimin balansında qalıbsa, bu müəyyənləşməlidir".
“Azəristilik” bəhanə gətirir..."
Dənizçilərin İstirahət Evinin mülkiyyətçisinin hazırda hansı qurum olması ilə maraqlandıq. Məlum oldu ki, bina Xətai rayonu 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. Birliyin baş mühəndisi ilə söhbət etdik.
Baş mühəndis bildirdi ki, binanın istiliyinə “Azəristiliktəchizat” cavabdehdir: “Tender yolu ilə qalib olan şirkət bu qazanxananı təmir edib. Hər il qış mövsümü başlayanda belə proseslər olur. ”Azəristilik"lə müqaviləsi olan şirkət sənəd gətirir ki, filan magistral xətti filan binayadək təmir etdik, bizdə yerində baxış keçiririk. Bu iş sənədləşdirlir, maliyyə ödənilir və istilik təminatı həyata keçirilir.
“Azəristilik” bəhanələr gətirir. Hazırda istilik təchizatı məsələsi tam o qurumun səlahiyyətindədirsə, biz istilik mənbəyini başqa hardan tapa bilərik? Onların vəzifəsi bizim binaları istiliklə təmin etməkdir. Aidiyyəti olmayan iş niyə bizə aid edilir?!"
Sevil Hilalqızı