22 Noyabr 2022 09:05
1 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada süni ət satışına icazə verildiyi barədə məlumat yayılıb. ABŞ Qida və Dərman İdarəsi (FDA) ilk dəfə kök hüceyrələrindən əldə edilmiş toyuq ətinin satışına icazə verib.

Kaliforniyada “Upside Foods” şirkəti tərəfindən laboratoriya şəraitində süni toyuq əti toyuqlardan alınan canlı hüceyrələrdən əldə olunub.

Bill Qeyts tərəfindən maliyyələşdirilən “Beyond Meat” şirkətinin istehsalı olan süni ət məhsulunu əvvəllər bəzi restoranlarda və Whole Foods mağazalar şəbəkəsində dadmaq olurdusa, sonralar onlar bunu daha böyük bazara çıxardılar.

Koronavirus epidemiyası da süni ət istehsalçılarının işinə kömək oldu. Virusun heyvanlardan yayılması söyləntiləri insanları ət və ət məhsullarından kütləvi imtinaya sürüklədi. Bu məqamda bitki əsaslı ət məhsulunun istehsalı məsələsi daha da aktuallaşdı.

“Impossible Food”un baş direktoru Patrik Brounun fikrincə, heyvan mənşəli məhsulların 15 il sonra qida sənayesində yeri olmayacaq.

Ümumiyyətlə, süni ət nədir, necə əldə olunur? Buna ehtiyac və tələbat varmı? Süni ətin zərərləri və faydaları nələrdir?

Teleqraf.com mövzunu mütəxəssislərlə araşdırıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, süni ət əsasən bitki zülalından laboratoriya şəraitində hazırlanan ətdir:

“Süni ətin mənbəyi bitki zülalıdır. Hətta məlumatlar var ki, süni ətin mənbəyi toyuq tullantıları da ola bilər. Süni ət demək olar ki, təbii əti tam imitasiya edir. Lakin onun əldə olunması üçün əsasən soyanın südündən, zülalından istifadə edirlər. Soyanın 98 faiz genetik modifikasiya olunmuş bitki olduğu da məlumdur. Ehtimal ki, dünyada geniş fast-food şəbəkələrində süni ətdən istifadə olunur. Çünki əgər gedib MacDonaldsda, yaxud KFC-də sizə verilən burgerin ilkin varinatına baxsanız, məəttəl qalarsınız. O, xaricdən gəlir, dairəvi şəkildə taxtaya bənzər formadadır, xüsusi aparatlarda şişirdilir, qızdırılır, guya ət imitasiya olunur. Ehtimal edirəm ki, belə ətlər süni ət ola bilər.

Azərbaycanda belə ət istehsal olunmur və satışa çıxarılmır. Dünyada isə onun istehsalı getdikcə artır. Hətta ətraf mühiti qoruyan təşkilatlar buna qarşı çıxırlar, tərəfdarları və əleyhdarları mövcuddur. Qeyd etdiyim kimi onun mahiyyətində modifikasiya olunmuş orqanizmlər dayanır. Ona görə də gözəl və doğma Azərbaycanımızda süni ətdən istifadəyə tərəfdar deyilik”.

Qida məsələləri üzrə ekspert Ağa Salamov hesab edir ki, süni ətin qarşısının alınması üçün heyvandarlığa üstünlük verilməlidir: “Bu, bütün dünyada qlobal problemdir. Fermerlərin çoxu artıq bu işlə məşğul olmaq istəmirlər. Çünki yem baha, heyvana baxmaq çətin, su qıtlığı... Bu da məqsədli şəkildə gizli güclərin apardığı siyasətdir. Biz bunu neçə illərdir təqib edirik və deyirik, indisə buyurun, ortaya çıxan süni toyuq...

Qırmızı ət artıq bir çox ölkələrdə satışa çıxarılıb. Bunu vegeterianları düşünərək etdiklərini deyirlər, amma elə deyil, bu, iribuynuzlu heyvanların məhvi üçün planlaşdırılmış oyundur.

Amerikanın neçə ştatında ildırım və yanğınlar zamanı heyvanlar tələf oldu. Əslində iribuynuzlu heyvanların kütləvi şəkildə məhvi süni ət istehsalı ilə bağlıdır.

Söyləntilərə görə, iribuybuzlu heyvanlar havaya karbon, yaxud müəyyən qaz ifraz edirlər ki, bu da iqlim dəyişikliyinə gətirib çıxarır. Bu, absurd fikirdir. Bəli, heyvanlar bu qazı ifraz edirlər, amma bunun atmosfer qatına, yaxud iqlim dəyişikliyinə heç bir ziyanı yoxdur. İnsanları sadəcə proqramlaşdırmağa meylli olan süni ətləri istehsal etməyə məcbur edirlər. Çünki Allahın yaratdığı heyvanlar proqramlaşdırılmır. Amma süni əti istehsal edən insan kənardan idarə oluna bilər.

Bir neçə gün öncə 8 milyardıncı insan dünyaya gəldi. Bu, SOS rəqəmdir. İnsanların azalması üçün düşünülmüş müharibələr, süni ətlərin istehsalı qaçılmazdır”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər