Bu gün "Fontes Rerum" iqtisadi, siyasi və sosial elmlər qrupu və Çexiyada Avropa Hərəkatı tərəfindən "Azərbaycan - böyük imkanlar ölkəsi" mövzusunda müzakirələr aparılıb.
Azərbaycan Çexiyadakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin moderatorluğu ilə aparılmış müzakirələrdə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, ərəbşünas və tarixçi, universitet müəllimi Eduard Qombar və Çexiya İxrac Bankının baş direktoru Karel Bureş çıxış ediblər.
Y.Mladek giriş nitqində Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini qeyd edərək, Azərbaycan bazarının Çexiya üçün perspektivli olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən E.Qombar Azərbaycanın mədəniyyəti, tarixi, o cümlədən, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində ərazilərimizin 20%-nin işğal edildiyi, Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bununla yanaşı, Azərbaycanın sabit ölkə olmasında keçmiş Prezident Heydər Əliyevin xidməti olduğunu deyən E.Qombar hazırkı Prezident İlham Əliyevin bu siyasəti davam etdirərək, ölkənin inkişaf etdirilməsi istiqamətində rolundan bəhs edib.
F.Şəfiyev, Azərbaycanda aparılan islahatlar, ölkənin nailiyyətləri, o cümlədən, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin bu il 20-ci ildönümünün qeyd edildiyi, habelə TANAP və TAP boru kəmərləri vasitəsilə qazın Avropaya nəql edilməsi ilə bağlı Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi haqqında ətraflı məlumat verib.
Bununla yanaşı, “Azərbaycanda investisiya imkanları” mövzusunda təqdimatla çıxış edən səfir Azərbaycanın investisiya yatırımı üçün stabil, etibarlı, uzunmüddətli tərəfdaş olduğunu qeyd edib, Çexiya şirkətlərini Azərbaycanın qeyr-neft, o cümlədən, ağır və kimya sənayesi, tikinti, turizm və eko-turizm sektorunda iştirak etməyə çağırıb.
Bankın baş direktoru K.Bureş isə Çexiya şirkətlərinin Azərbaycanda infrastruktur layihələrində iştiraklarını dəyərləndirib, onların ölkəmizdəki işlərin gedişatından məmnun qaldıqlarını və bunu nəzərə alaraq, hər bir investisiya layihəsinin dəstəklənməsinə hazır olduqlarını bildirib: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanla olan bütün müqavilələrdə nəzərdə tutulan məbləğlər qəpiyinə qədər ödənilb. Biz Azərbaycanı sevirik”.
Çıxışlardan sonra tədbir iştirakçılarının suallarını cavablandıran səfir F.Şəfiyev azərbaycanlı tələbələrinin xaricdə təhsil alması ilə bağlı Dövlət Proqramı, Bakı-Tbilisi-Qars dəmiryolu, ölkəmizdə turizmin inkişaf etdirilməsi haqqında bəhs edib.
Bundan başqa, bu gün Azərbaycan səfiri F.Şəfiyev Çexiyanın məşhur "Metrostav" şirkətinin nümayəndələri ilə görüşüb.
Görüş zamanı şirkətin Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinə cəlb olunması məsələsi haqqında müzakirələr aparılıb.
Görüşdən sonra şirkət tərəfindən inşa edilən yeni metro stansiyası ilə tanışlıq olub.