27 Noyabr 2022 12:55
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai Televiziyanın “İTV Xəbər” proqramında və “Qanundan kənar” verilişində yeniliklər diqqət çəkib.

Teleqraf.com-un xəbərinə görə, sözügedən verilişlərdə yayımlanan kriminal xəbərlərdə şübhəli şəxs və təqsirləndirilən şəxslərin üz görüntüləri efirə verilmir, həmçinin həmin şəxslərin ad-soyadları şərti olaraq qeyd edilir.

Azərbaycan televiziya mekanında da bu ilk dəfədir ki, İTV-də yayımlanan kriminal xəbərlərdə tətbiq olunur. İTV-nin bu ilkə imza atması diqqət çəkib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparat rəhbərinin müavini Ələsgər Vəliyev Teleqraf.com-a açıqlamasında deyib ki, İctimai Televiziyanın efirində yayımlanan “İTV Xəbər” proqramında və “Qanundan kənar” verilişində cinayət hadisələrinin təqdimatı zamanı şübhəli şəxs qismində saxlanılan və ya təqsirləndirilən şəxslərin üzləri göstərilmir, ad-soyadları qeyd olunmur: “Bunun qanunla tənzimlənən səbəbləri var. Heç bir xəbər insan taleyindən üstün ola bilməz. Şəxsin cinayət hadisəsi törətməsinə əsaslı şübhələr belə varsa, bu, ona cinayətkar, qatil, oğru deməyə imkan vermir. Əsaslı şübhə dedikdə, şəxsin cinayət başında tutulması, videogörüntünün, üzərində cinayətin izinin olması və sair nəzərdə tutulur.

Bütün bunlar media üçün həmin şəxsi təqsirli bilməyə əsas vermir. Şəxs o zaman təqsirli bilinir ki, bu dəlillər məhkəmədə qiymətləndirilir və məhkəmə sübutlar əsasında şəxsi təqsirli sayır.

Məhkəmə bu barədə hökm qəbul edəndən sonra həmin şəxsi əməli törətməkdə təqsirli saya, qatil və ya cinayətkar adlandırmaq olar.

Heç bir xəbər məhkəmə qərarına təsir etməməlidir. Müəyyən cinayətlər var ki, məsələn, tərəflərdən biri azyaşlıdırsa, ümumiyyətlə, hadisə baş verən ünvanı göstərmək də etik deyil. Əgər xəbər məhkəmənin araşdırmasına təsir edirsə, deməli, təqsirsizlik prezumpsiyası pozulur".

Ələsgər Vəliyev onu da qeyd edib ki, məhkəmənin hökm qəbul etməsi üçün əsaslandığı amillərdən biri də onun daxili inamıdır: "Xəbər işə baxan hakimin daxili inamına böyük təsir göstərə bilər ki, bu da yanlış qərar qəbul edilməsinə səbəb ola bilər.

Bildiyimiz kimi, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi təqsirsizlik prezumpsiyasını nəzərdə tutur.

Qeyd olunan maddənin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var. Cinayətin törədilməsində təqsirləndirilən şəxs təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

Bundan başqa Cinayət Prosessual Məcəllənin 21-ci və Media haqqında Qanunun 14-cü maddəsində təqsirsizlik prezumpsiyası ilə bağlı müddəalar öz əksini tapıb. Media haqqında qanunda deyilir ki, (maddə 14.1.14.) qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir.

Biz hadisələri baş verən gündən izləyirik. Məhkəmə istintaqları yekunlaşıb son qərar qanuni qüvvəyə minəndən sonra artıq hadisədə təqsirli bilinən şəxslərin üzləri göstərilir, ad və soyadları deyilir. Məhkəmənin hökmü olmayanadək xəbər buraxılışlarında təqsirsizlik prezumpsiyası qorunur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər