1 Dekabr 2022 16:10
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə müsahibəni təqdim edir:

- Novella xanım, dekabr ayında ölkədə əfv gözlənilirmi?

- Açığı, bununla bağlı bizdə dəqiq məlumat yoxdur. Biz-Səidə Qocamanlı, Səadət Bənənyarlı ilə birlikdə ötən gün Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucla görüşdük. Zahid müəllim parlamentdə insan hüquqları ilə bağlı məşğul olur. Bizim siyahımızda 27 nəfərin adı var. Dekabrda əfvin gözlənilib-gözlənilmədiyini bilmirik. Zahid müəllimlə bu barədə danışdıq. Bizim siyahımızda olan insanların çoxu illərdir həbsxanadadır, çoxunun cəza müddətinin başa çatmasına az qalır. Eləcə də aralarında xəstə olanlar da var. İnsan hüquqları komitəsinin sədrindən də xahiş etdik ki, bu məsələlər gündəmdə qalsın, onlar azad olunsun. Eləcə də istintaqı olan jurnalistlərlə bağlı fikirlərimizi dedik. Bilirsinizmi, Avropa Şurası bizə qarşı onsuz da nələrsə hazırlayır. Həmməruzəçi təyin ediblər və s. Onların əlinə əsas verməməliyik. Əlbəttə, bəzən deyirik ki, Avropa nə istəyir desin, biz öz işimizi görəcəyik. Amma biz onlarla işləyiriksə, bu qurumun üzvüyüksə, deməli, onlarla ayaqlaşmalı, bizə qarşı hansısa addımların atılması üçün əsaslar yaratmamalıyıq. Onun üçün də bu məsələləri danışdıq. Həmçinin sadə insanların hüquqları ilə bağlı fikir mübadiləsi apardıq.

Bizi tanıyan məsələlərə necə real qiymət verdiyimizi yaxşı bilir. Zahid Orucun İnsan hüquqları komitəsində iş üslubu xoşuma gəldi. Məsələn, kifayət qədər kitablar nəşr etdiriblər, sorğular aparıblar, bülletenlər buraxıblar. Birinci dəfədir ki, komitənin gözəl işini gördüm. Biz çoxlu nazirlikləri, qurumları yaxından tanıyırıq. Amma Zahid Orucun işi fərqli idi. Ümumən milli adamın ürəyində işlərə fərqli yanaşma olur. Sosial Tədqiqatlar Mərkəzi xətti ilə də işlər görürlər. Hər halda ona təşəkkür edirəm ki, belə lazımlı işlər həyata keçirirlər.

- Siz həm də Zəngəzur dəhlizi ilə bağlı forum keçirmək haqqında düşünürdünüz. Bu ideyanın taleyi necə oldu?

- Zahid Orucla görüşümüz zamanı bu barədə ona fikirlərimizi çatdırdıq. Bu gün hamımızın ürəyində Zəngəzur dəhlizinin açılması məsələsi durur. Zahid bəyə də bildirdik ki, böyük bir layihə hazırlayıb bir sıra yerlərə təqdim etmişik. Layihənin mahiyyəti onunla bağlıdır ki, dünyanı bu prosesə cəlb edək. Əslində belə ideya bizdə 5 ay öncədən var. Dünyanı bu dəhliz məsələsinə cəlb etməyi vacib sayırıq. Aydındır ki, Zəngəzur dəhlizi ilk olaraq Cənubi Qafqazın təhlükəsizliyini qoruyan, sülh və sabitliyin əsasını qoya biləcək projedir. Dəhliz açılacaqsa, bu yoldan Ermənistan da faydalanacaq, iqtisadi durumuna töhfə verəcək. Bunu anlamırlarsa, forum təşkil edək, erməniləri də dəvət edək, reallıqları ortaya qoyaq. Onlar da bu dəhlizin nə dərəcədə effektiv olduğunu anlayar. Dünənə qədər ermənilər demirdi ki, okeana çıxmaq istəyirik? Buyurun, Zəngəzur dəhlizi ilə Çinə qədər getmək imkanınız yaranacaq. Digər tərəfdən, Gürcüstan, Rusiya, İran, Türkiyə,Çin Avropa ölkələri bu yoldan istifadə edəcək. Yəni hamının maraqlarına uyğun bir dəhlizdir. Əslində bizim bu ideya əsasında Bakıda böyük forum təşkil etmək, dünyanın aparıcı mütəxəssislərini, iqtisadiyyat, siyasət, mədəniyyət, kommunikasiya üzrə ekspertləri bura dəvət etmək niyyətimiz var. Bu forumda hər kəs öz sözünü desin. Zəngəzuir dəhlizinin yalnız Azərbaycan üçün deyil, dünya üçün nə dərəcədə əhəmiyyətli olduğu ortaya çıxacaq.

Həmçinin Zəngəzur dəhlizinə yalnız yol kimi baxmaq da doğru olmaz. Bu, eyni zamanda konfliktlərin həlli baxımdan yaxşı fürsət və imkan yaradar. Birgə işlə nəyisə əldə edə bilərik.

- Maraqlı fikirdir, düşünürsünüz ki, tərəflər qazanc və fürsətləri müşahidə etdikcə daha da yaxınlaşacaq?

- Mən bu fikirləri özümdən demirəm. Nümunə gətirə bilərəm. Məsələn, Şimali Kipr Türk Cümhuriyyəti ilə Cənubi Kipr arasında 40 ildən çoxdur münaqişə var. Səbəbləri də az-çox hamıya bəllidir. Onların ilk barışığı müştərək su qovşağı qurmaqla başladı. Su qovşağı sayəsində bir-birilərinə yol açdılar, gedib-gəldilər. Bəli, problem həll edilməyib, amma daha bir-birilərini öldürmür, müharibə aparmırlar. Əslində böyük dövlətlər imkan versəydilər, çoxdan problemlərini də həll edər, normal yaşayardılar. Bu baxımdan Zəngəzur dəhlizi də imkan yaradar ki, qonşu dövlətlər bir-birinin qapısını açsın, sərhədlər müəyyən edilsin, işləsin, ticarət inkişaf etsin. Beləcə Zəngəzur dəhlizinin açılması ilə dünyaya göstərmək olar ki, necə birgə işləmək mümkündür. Onun üçün də biz çox istərdik ki, cənab Prezident bizim təklif etdiyimiz foruma dəstək versin. Biz beş aydır ki, bu layihəni təqdim etmişik, cavab gözləyirik. Cavab isə yoxdur, çünki bu barədə cənab Prezidentə məlumat verməyiblər. Mən əminəm ki, bu, ölkəmizə su və hava qədər lazımlıdır.

Bunu bizim Azərbaycan-Dünya Platforması vasitəsilə keçirmək, dünyanın diqqətini buna çəkmək mümkündür. Eyni zamanda bu, Azərbaycan üçün də lazımdır.

- Aydındır ki, siz bunu layihə halına salmısınız, bəs ideya kimə məxsusdur?

- İdeya “Azərbaycan-Dünya” platformamızda təmsil olunan Adəm İsmayıl Bakuviyə məxsusdur. Özü də savadlı, vətənpərvər, təmiz insandır. Biz Zahid müəllimdən xahiş etmişik ki, bu məsələni prezidentə çatdırsın. Biz demirik ki, bu işi biz təşkil edək. Zahid müəllim komandası ilə edə bilərik, eləcə də agentliklə birlikdə. Bizim iddiamız yoxdur ki, belə bir forumu yalnız biz keçirməliyik. Əsas odur ki, bu ideya baş tutsun. Çünki belə bir tədbirin təşkili və orada dünyanın məşhur mütəxəssislərin iştirakı vacibdir. Adəm İsmayıl bu ideyanı irəli sürəndə çox xoşumuza gəldi. Düşündük ki, bunu etmək vacibdir. Odur ki, bunun üçün çalışırıq. Dəstək olsa bunu edə bilərik. Bu layihə ölkə, dövlət və millət olaraq yalnız uğur gətirəcək.

- Hazırda siyasi partiyalar, eləcə də İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında qanun layihələri müzakirə edilir. İctimai müzakirələr oldu. Son zamanlar bu istiqamətdə atılan addımları necə qiymətləndirirsiniz?

- Məni tanıyanlar bilir ki, dövləti və milləti sevən insanam. Elə komandamız da mənim kimidir. “Siyasi partiyalar haqqında” qanun qəbul edildi. Biz onda da təklif etdik ki, gəlin QHT-lər səviyyəsində bunun müzakirəsini təşkil edək. Bəli, dövlət özü bir neçə mərhələdə belə ictimai dinləmələr təşkil etdi, biz də orada iştirak etdik. Çox yüksək səviyyədə təşkil olunmuşdu, fikrimizi də dedik. Belə addımları dəstəkləyirik. Çünki əvvəl belə dinləmələr olmurdu. Amma indi partiyalarla, QHT-lərlə, mütəxəssislərlə görüşlər təşkil ediblər, onların da fikirlərini öyrəniblər, hətta bir çox təklifləri nəzərə alıblar. Bütün bunlar yaxşı haldır və dəstəklənməlidir. Ancaq dövlət xətti ilə paralel belə müzakirələri QHT-lər səviyyəsin həyata keçirsəydik, ora xarici diplomatları, qıraqdan mütəxəssisləri dəvət edəcəydik. Üstəlik bunu bütün beynəlxalq təşkilatlara çatdıracağıq. Biz bunları edə bilərdik. Məncə, dövlət biz daxil olmaqla QHT-lərin təşəbbüsünə biganə qalmamalı, əksinə dəstəkləməlidir. Mən açıq deyim, çox sağ olsunlar. Hikmət Hacıyev, Ədalət Əliyev çox köməklik edirlər. Ancaq əsas məsələlərdə bizə dəstək lazımdır. Məsələn, bayaq dediyim Zəngəzur ideyası ilə bağlı forumların təşkili. Belə təşəbbüslərə dəstək verilməlidir. Bilirsiniz ki, biz 30 ildir bu işlərin içindəyik, Avropa Şurasının eksperti olmuşuq və s. Biz Avropa Şurasına gedəndə çox şeyin qarşısını alırdıq. Əvvəl imkanlarımız daha geniş idi, gedirdik, danışırdıq. Amma indi imkanlarımz çox məhduddur. İndi də işləyə bilirik, dünya ilə əlaqələrimiz var. Biz də çalışırıq ki, əlimizdən gələni edək, bilirik ki, fəaliyyətimiz effektiv ola bilər. Bunun üçün təşəbbüslərin dəstəklənməsinə ehtiyac var.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər