Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günü ilə bağlı təbrik məktubları daxil olmaqda davam edir.
Teleqraf.com-un “AzərTAc”a istinadən məlumatına görə, Gürcüstan və Moldova prezidentləri Giorgi Marqvelaşvili və Nikolaye Timofti, eləcə də Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər.
***
Zati-aliləri,
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Bu əlamətdar gündə vurğulamaq istərdim ki, Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi, siyasi və mədəni sahələrdə uğurla inkişaf etməkdədir. Gürcüstan Azərbaycan Respublikası ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinizə görə bir daha Sizə minnətdarlığımı bildirirəm. Mən bir daha əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında mövcud olan davamlı dostluq və əməkdaşlıq əlaqələri birgə səylərimiz nəticəsində xalqlarımızın qarşılıqlı faydası naminə gələcəkdə də davam edəcək və daha da güclənəcək.
Bu xoş fürsətdən istifadə edərək, mən Sizi Gürcüstana rəsmi səfərə dəvət edirəm. Sizi Tbilisidə səmimi qarşılamaq mənim üçün şərəf olardı. Əminəm ki, bu səfər 2014-cü ildə yeni təkan almış tərəfdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcək.
Zati-aliləri, mənim dərin ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Giorgi Marqvelaşvili
Gürcüstanın Prezidenti
***
Zati-aliləri,
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ürəkdən gələn ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.
Bu xoş fürsətdən istifadə edərək, qəti əminliyimi bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan ənənəvi dostluq münasibətləri bundan sonra da dinamik inkişaf edəcək, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacaq.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar, ailənizə xoşbəxtlik və firavanlıq arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Nikolaye Timofti
Moldova Respublikasının Prezidenti
***
Hörmətli İlham Heydər oğlu,
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Sizin müdrikliyiniz və təcrübənizə əsaslanan məqsədyönlü fəaliyyətiniz sayəsində bu gün Azərbaycan Respublikası mühüm potensiala malik olan, dinamik inkişaf edən dövlətdir. Sizin rəhbərliyinizlə Azərbaycan dövlətçiliyin möhkəmlənməsi, sosial-iqtisadi, mənəvi və mədəni inkişaf üçün yeni təkan alıb.
Əmin olduğumu bildirirəm ki, Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik mehriban qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da daim genişlənəcək və dərinləşəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.
Hörmətlə,
Ramazan Abdulatipov
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri