“Ümumdünya Qadın Sahibkarlığı Günü”nü qeyd etmək üçün “Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində “Ümumdünya Qadın Sahibkarlığı Günü”nü qeyd edib.
Teleqraf.com-un məlumatına görə, bu münasibətlə Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunmuş tədbir “Qlobal Sahibkarlıq Həftəsi”nin Azərbaycanda ev sahibi olan DVC tərəfindən, Gənclər və İdman Nazirliyi, “Coca-Cola” şirkəti və Dünya İqtisadiyyat Forumunun “Global Shapers” icmasının dəstəyi ilə keçirilib.
Azərbaycanın qadın sahibkarlarının iştirakı ilə baş tutmuş tədbir DVC, Gənclər və İdman Nazirliyi və “Coca-Cola” şirkətinin “Youth Inc” Gənc Sahibkarlar Proqramının “Gənc xanımların imkanlarının genişləndirilməsi” konseptual istiqamətinə uyğun olaraq keçirilib.
Tədbirin məqsədi Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək vermək, bu mövzuya ictimai maraq oyatmaq, gənc xanımların biznes təcrübələrini genişləndirmək və aralarında tərəfdaşlıq mühitini formalaşdırmaqdır. Tədbirin auditoriyasını biznes sahəsinə maraq göstərən və gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənc tələbə xanımlar, eləcə də media nümayəndələri təşkil edib.
Tədbirin birinci hissəsində iştirak edən xanım sahibkarlar öz təcrübələrini gələcəyin sahibkarları ilə bölüşüb, uğur hekayələrini paylaşıb və gələcək həmkarlarına öz bilik və bacarıqlarını çatdırdı. Daha sonra iştirakçılar müzakirələrə qoşularaq, öz suallarını sahibkar xanımlara ünvanlamaq imkanı əldə ediblər. Tədbirə “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı” mövzusunda dəyirmi masa ilə yekun vurulub.
“Ümumdünya Qadın Sahibkarlığı Günü”nün Azərbaycanda keçirilməsi bu sahəyə verilən dəstək və maraqdan irəli gəlir. Tədbirin mahiyyəti gəncləri sahibkarlıq fəaliyyətinə cəlb etmək, onları şəxsi bizneslərinə başlamaq üçün təcrübəli biznesmenlərlə fikir və bilik mübadiləsini təşkil etməkdən ibarətdir. Qeyd edək ki, tədbir çərçivəsində qadın sahibkarlığının inkişafı ilə bağlı formalaşdırılan təkliflər paketi müvafiq dövlət orqanlara təqdim ediləcək.
Qeyd edək ki, “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində dünyada hər il 140 ölkədə 10 milyon şəxsin iştirakı ilə 20 mindən artıq tədbir və aksiyalar həyata keçirilir.
Naibə QURBANOVA