3 Fevral 2023 23:06
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) nümayəndə heyəti yanvarın 30-dan fevralın 2-dək İsraildə işgüzar səfərdə olub.

AKTA-dan Teleqraf.com-a verilən məlumata görə, səfərin əsas məqsədi İsrailin informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən qurum və şirkətlərinin fəaliyyəti, habelə aidiyyəti texnologiya və həlləri ilə tanışlıq, eləcə də əməkdaşlıq əlaqələrinin yaradılması imkanlarının müzakirəsi təşkil edib.

İşgüzar səfər İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə AKTA tərəfindən təşkil olunub.

AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində sədr müavini Rauf Cabarov, İdarə Heyətinin üzvləri “A2Z” şirkətinin direktor müavini Məmməd Kərimli, “Caspian Tech” şirkətinin direktoru Vüsal Məmmədov, “PNetworks” şirkətinin texniki direktoru Mahir Yüksəl, eləcə də “PNetworks”, “Caspian Tech” və AKTA-nın inzibati heyətinin digər əməkdaşları yer alıblar.

İşgüzar səfər çərçivəsində AKTA nümayəndə heyəti ənənəvi olaraq hər il Təl-Əviv şəhərində baş tutan “CyberTech Global Tel Aviv 2023” konfrans və sərgisini ziyarət edib. Sərgi çərçivəsində kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış 100-dən çox şirkətin fəaliyyəti ilə yaxından tanışlıq həyata keçirilib, təqdim olunan texnologiya və həllərin potensial istifadə imkanları öyrənilib.

Müxtəlif panel müzakirələri formatında təşkil olunmuş konfrans zamanı kibertəhlükəsizlik və İKT sahəsində son trendlər və perspektivlər ətrafında aparılan müzakirələr xüsusi maraq doğurub.

Tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsində ölkəmizin elmi, texniki və kadr potensialının gücləndirilməsinə töhfə verə biləcək bir sıra şirkətlərlə nümayəndə heyətinin ikitərəfli B2B görüşləri baş tutmuşdur. Bu məqsədlə “Magnifica”, “Flowsec”, “Flycomm”, “Hexatone”, “TripleP”, “Blackstone” və digər İsrail şirkətlərinin məhsulları və xidmətləri barədə təqdimatlar dinlənilmiş, eləcə də ölkəmizdə ortaq layihələrin yaradılması imkanları müzakirə edilmişdir. Xüsusilə də, ölkəmizin startap ekosisteminin inkişafı və yeni kiberstartapların formalaşdırılması imkanları, həmçinin kibertəhlükəsizlik sahəsində tədqiqat və kadr potensialının gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış bir sıra digər qurum və şirkətlərin baş ofisləri ziyarət edilib. Bunların sırasında Beer-Şeva şəhərində İsrail Milli CERT-nin (IL-CERT) nümayəndələri ilə keçirilmiş görüş və müzakirələr xüsusi əhəmiyyət daşıyır. Milli CERT daxilində kiberinsidentlərə qarşı mübarizə və müxtəlif sahəvi kiberəməliyyat mərkəzlərinin fəaliyyəti yerində öyrənilib. Habelə görüş və müzakirələr zamanı ölkəmizin aidiyyəti kibertəhlükəsizlik mütəxəssislərinin yetişdirilməsində dəstəyin verilməsi, bu məqsədlə İsrail Milli CERT-inin laboratoriya mühitində qısa müddətli təcrübə keçmək imkanının yaradılması barədə ilkin razılıq əldə edilib.

Səfər zamanı, həmçinin İsrailin bank sektorunun kibertəhlükəsizlik təcrübəsi ilə tanışlıq məqsədilə ölkənin ən böyük banklarından olan “Leumi” bankının kibertəhlükəsizlik üzrə məsul bölməsinin imkanları ilə tanışlıq həyata keçirilib, bank sektorunda mövcud olan kibertəhdidlər real nümunələr üzərində öyrənilib.

Eyni zamanda, İsrailin müdafiə sənayesi sahəsinin aparıcı yüksək texnologiya istehsalçısı olan “RAFAEL” şirkətinin ofisinə səfər həyata keçirilmiş və nümayəndə heyəti şirkətin aidiyyəti texnologiya və həlləri ilə yaxından tanış olmuşdur.

Ölkələrimizin informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi “Israil Export Institute” ilə müzakirə edilib. Kibertəhlükəsizliyin təmin olunmasının hər iki ölkə üçün aktuallığı nəzərə alınaraq, bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyi xüsusi vurğulanıb. Gələcəkdə tərəflər arasında birgə işlərin görülməsi üçün danışıqların davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və potensialının artırılmasına dəstək verilməsi məqsədilə 2022-ci ildə təsis edilmiş Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) özündə informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət və təşkilatları birləşdirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər