18 Fevral 2023 11:53
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycan Türkiyəyə 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 zəruri ləvazimatlar və məhsullar, 302 034 isti geyim, 12 505 ədəd qızdırıcı və texniki avadanlıq, 693 756 ədəd dərman və tibb ləvazimatlar göndərilib.

Bundan başqa, Azərbaycan qardaş ölkəyə kömək üçün 21 367 000 AZN maddi yardım ayırıb.

Eyni zamanda, təcili tibbi yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliy (AFAD) və rəsmi axtarış-xilasetmə maşınlarının pulsuz yanacaqla təmin edilib.

Humanitar yardım Türkiyəyə 15 təyyarə və 350 yük avtomobili vasitəsilə çatdırılıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 39 672 nəfər dünyasını dəyişib.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər