27 Fevral 2023 16:30
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təəssüf ki, məktəblərdə hədiyyələrin toplanması, pul yığımı kimi xoşagəlməz hallar müşahidə olunur. Bu hal araşdırılmalıdır".

Teleqraf.com xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

"Məktəblərdə pul yığımı ilə bağlı valideyn tərəfindən şikayət olmalıdır ki, bunun qarşısını ala bilək", - nazir qeyd edib.

Nazirin sözlərinə görə, bu məsələdə iki hal olur: "Biri məcburetmə, biri də valideynlərin özlərinin təşəbbüsü ilə hədiyyələrin alınması. İstəyimiz odur ki, bizə şikayət daxil olsun, məsələni araşdıra bilək"

E.Əmrullayev qeyd edib ki, 8 Martda və digər günlərdə valideynlərin təhsil işçiləri üçün bahalı hədiyyə alması və külli miqdarda pulun verilməsi ümumilikdə pedaqoji dəyərlərə uyğun deyil:

"Nəzərə almaq lazımdır ki, pul və ya hədiyyə qəbulu heç də həmişə müəllimin təşəbbüsü ilə olmur. Təxminən 1,5 milyonluq şagird kütləsindən danışırıq. Arzumuz ondan ibarətdir ki, qadın müəllimləri təbrik etmək üçün bahalı hədiyyə və pul yığımı olmasın. Bəzi hallarda təşəbbüskarı müəllim yox, məhz valideynlər edir. Məktəb rəhbərliyi ilə bağlı olanda ölçü götürə bilərik, amma valideynlərə sadəcə tövsiyə edə bilərik. Bu hərəkət daha çox davranış problemidir. Valideynlər müəllimləri maddi dəyəri böyük olmayan, əksinə mənəvi dəyəri çox olan açıqcalarla təbrik etsinlər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər