27 Dekabr 2014 11:00
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspert: “Bu üsul banka depozit yatırmaqdan qat-qat sərfəlidir”

Bəzi insanlar müəyyən ehtiyaclarını ödəməkdən ötrü pul yığmaq üçün 5-10 qrup halında el diliylə desək, lotereya oynayır. Hər ay qabaqcadan danışılımış miqdarda pul yığılır və növbə ilə qrup üzvlərinə verilir. Beləliklə, növbə çatanda lotereya üçün ödədiyiniz məbləğ toplanıb özünüzə qaytarılır.

Azərbaycanda yeni bir sığorta növü var ki, təxminən lotereya oynuna bənzəyir. Onun fərqli cəhəti odur ki, hər ay ödənilən vəsaitin üzərinə əlavə məbləğ də gəlir. Hələ üstəlik, həyatınız da sığortalanır. Ən əsası, həyatın yığım sığortasına ayrılan vəsait gəlir vergisindən və sosial sığorta ödəmələrindən azaddır.

Yəni biz maaşımızdan sığortaya pul ayırdıqda, həmin hissədən tutulan vergi vəsaiti sığorta şirkətində pulumuzun üzərinə gəlir.

Puldan pul qazanmaq

Həyatını yığım sığortası etdirən Etibar Əliyev puldan pul qazanmaq istədiyini deyir: “Həyatın yığım sığortası barədə eşidəndə, mənə həm maraqlı, həm də sevindirici gəldi. İlk olaraq düşündüm ki, həyatımı sığortalayacam, yığdığım pula maşın da ala biləcəm. Digər tətəfdən, bu sığorta növü bankdan daha üstündür”.

Sığorta eksperti Xəyal Məmmədxanlı da həyatın yığım sığortası ilə bank depozitini müqayisə edir. Onun fikrincə, bu, banka depozit yatırmaqdan qat-qat sərfəlidir: “Şirkət işə götürdüyü hər bir işçiyə görə tutaq ki, 100 manat məbləğ ödəyirsə, 3 ildən sonra işçinin xeyrinə yığılan məbləğ təxminən 5500 manatdan çox olur. Bundan başqa, həmin vəsaitin üzərinə şirkətin investisiya gəlirliyi də əlavə edilir. Qeyd edim ki, investisiya gəlirliyi müxtəlif amillərdən asılıdır, ümumilikdə ildə 5-7 faiz arasında dəyişir”.

İşçini iş yerinə bağlamaq cəhdi

Ekspert hesab edir ki, belə bir sığorta müqaviləsinin bağlanması işəgötürən şirkətin də maraqlarına xidmət edir: “İnsanlar bu sığorta vasitəsilə ev, torpaq, maşın almaq, hətta ipoteka krediti götürmək üçün ilkin ödəniş toplaya bilirlər. Şərtlərə görə, yığım sığortası üçün müqaviləni ən az 3 il müddətinə bağlamaq lazımdır. İşçi müəyyən gəlir əldə edəcəyini biləndə ona maraqlı olar ki, həmin şirkətdə ən azı 3 il işləsin, gözləsin və sonda yığılan məbləği alsın.

Başqa bir yandan, bu növ sığorta müqaviləsi bağlandıqda sığorta etdirən dünyasını dəyəşərsə, pul onun varislərinə çatır. Bir sözlə, siğorta şirkətinə pul ödənilir, yığılmış məbləğ investisiya olunur".

Qənaət edilmiş gəlir vergisi

Müqavilə şərtlərindən asılı olaraq həyat sığortasının gəlirliyi dəyişir.
Xəyal Məmmədxanlının sözlərinə görə, müqavilə işəgötürən tərəflə bağlanırsa, həyat sığortasının gəlirliyi xeyli artır: “Çünki bu zaman sığorta şirkətinə ödənilən məbləğin üzərinə həm qənaət edilmiş gəlir vergisi, həm də qənaət edilmiş sosial sığorta haqları əlavə edilir ki, bu da 25 faiz deməkdir. Amma müqavilə birbaşa fiziki şəxsin özü ilə bağlandıqda, köçürülən məbləğin üzərinə yalnız qənaət edilmiş gəlir vergisi əlavə olunur. Həyat sığortası gəlir vergisindən azaddır.

Dünya ölkələrinin çoxunda həyat sığortasını vergi yolu ilə stimullaşdırırlar. İnsanlar pullarını döşəkçə altında yox, həyatlarını sığortalamaqla banklarda saxlayırlar".

Niyə banka yox, həyatın yığım sığortasına pul qoyurlar?

“Qala” sığorta şirkətindən bildridilər ki, belə sığorta bank funksiyasını da həyata keçirir: “Həyatın yığım sığortasında həm bankın funksiyaları həyata keçmiş olur, həm də sığorta şirkətinin. Bir şeydən iki fayda əldə edilir.Yəni müştəri sığorta üçün yığılmış məbləği bank əmanəti kimi istədiyi vaxt götürə bilər. Digər tərəfdən, onun sığorta funksiyası da var. Məsələn, bir adam üçün həyat sığortasının məbləği 1 milyon manat müəyyənləşdirilir. Sığortaolunan vəfat edərsə, 1 milyon manat varislərinə çatır. Sağ qalırsa, yığılan sığorta haqlarını yığım faizi ilə özü alır”.

Sığorta şirkətindən onu da qeyd etdilər ki, həyatın yığım sığortası üzrə müqavilə üç tərəf arasında bağlanır: sığortalanan şəxs, onu işə götürən və sığorta şirkəti. “Sığorta haqqıqnı işəgötürən şirkət hər ay işçinin maaşından tutaraq sığorta şirkətinə ödəyir. Bu zaman işçi əməkhaqqını tam və ya onun müəyyən hissəsini həyatın yığım sığortasına yönəldirsə, həmin məbləğə görə gəlir vergisi ödəmir. Həmçinin əməkhaqqı həyatın yığım sığortasına yönəldildikə, ondan məcburi dövlət sosial sığorta haqqı və həmkarlar təşkilatına üzvlük pulu da tutulmur. Məsələn, həyat sığortası müqaviləsinə əsasən, 3 il ərzində işçinin aylıq maaşının 100 manatı sığorta şirkətinə ödənilir. 100 manatla yanaşı, sığorta şirkətinə bu məbləğə görə vergi və sosial müdafiə haqları da yönəldilir”.

Qeyd edək ki, həyatın yığım sığortasında sığorta haqqı bir dəfə ödənilir və müştəriyə sığorta ödənişi yalnız o zaman verilir ki, müqavilədəki hadisələrdən biri baş versin.

Azərbaycanda həyatın yığım sığortası üzrə bir sıra vergi güzəştləri nəzərdə tutulub.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər