Tarixən Novruz Azərbaycanda təntənəli keçirilən bayram olub. Lap qədimdən keçib dövrümüzə qədər gələn Novruzu maraqlı edən onun zəngin adət-ənənələridir. Qulaq falına çıxmaq, tonqal üzərindən tullanmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək, papaq atmaq, üzük falına baxmaq, süfrədə şam yandırmaq, yeni paltar geyinmək, küsülüləri barışdırmaq və sair bu kimi adətlərin xüsusi mənası olmamış deyil.
Son günlər cəmiyyətdə Novruzun bəzi mərasimlərinin təhrif olunduğuna dair aktiv müzakirələr gedir. Belə ki, tanınmış ictimai xadimlər ilaxır çərşənbədə qapı pusmağı, qapıya papaq atmaq kimi ənənənin namus, qeyrət məsələsi olduğunu əsas gətirərək bu ritualın mentalitetə yad olduğunu səsləndirir.
Maraqlıdır, Novruzda papaq atmağın mahiyyəti nədir? Doğurdanmı papaqatdı ənənəsi təhrif olunub?
AMEA-nın elmi işçisi, folklorşünas Şakir Albalıyev Teleqraf.com-a bildirib ki, hər bir vətəndaş yazmaqda, danışmaqda azaddır.
O, təəssüflə peşəsindən asılı olmayaraq Novruz bayramı haqqında hər kəsin fikir bildirdiyini qeyd edib: “Bu bayramın adət-ənənələri haqqında yalnız folklorşünaslar rəy bildirə bilər. Bəzən bilib-bilmədən adət-ənənələr barədə yanlış fikir söyləyirlər. Novruz bəşəriyyətlə yaşıd bir bayramdır. Bu gün Novruza xarici düşüncə ilə yanaşırlar və deyirlər ki, papaq atmaq namussuzluqdur. Bu, tamamilə yanlış düşüncədir. Bu, mifik dünya görüşünün məhsuludur və buna görə də üzərimizə düşən vəzifə bu ənənələrin mahiyyətini izah etməkdən ibarətdir.
Hətta bəzən deyirlər ki, Novruzda papaq atmaq ənənəsini sovet hökuməti qəsdlə gətirib. Başa salıram ki, sovet hökuməti Novruz bayramın qeyd etməyə icazə vermirdi. Papaq atmaq xalqın öz ifadəsidir. Bunun öz mifoloji mahiyyəti var. Adətən yetkin və azyaşlı uşaqlar, hətta böyüklər də papaq atırlar. Lap əvvəllər evlərin bacasından şal da sallayıblar. Burada qəbahətli bir şey yoxdur”.
Folklorşünas deyir ki, Novruzda yaşanan qeyri-adiliklər bu bayramı sevdirir: “Papaq atmağa namussuzluq, qapı pusmağa mədəniyyətsizlik deyib, bu bayramdan imtina edə bilmərik. Ona qalsa, gərək üstündən xətt çəkib deyək ki, Novruz bizim bayram deyil. Bu kimi məsələlər gen təşkil edir. Novruz adətlərində oğlanlar qız, qızlar da oğlan paltarı geyinib qapı-qapı gəzirdilər. Bu gün belə geyinənlərə gülürlər. Bunlar hamısı sistem təşkil edir və Novruzun mahiyyətidir, mifoloji dünya görüşünün sirləri və əlamətləridir. Bu bayram müasir dövrlərin yox, əsrlərin məhsuludur”.
Onun fikrincə, qapı-qapı düşüb pay yığmaq da dilənçilik deyil: “Bu ənənələr bir gün olur elə həmin gündə də qalır. Təbiət təzələndiyi kimi, insanlar da özünü təbiətlə eyni sferaya qoyub yeni paltarını geyinib təzələnir. Bütün bu mərasimlər xoş aura yaradır.
Papaq atılan evlərdən içərisinin nemətlərlə doldurulması bərəkət rəmzi kimi xarakterizə oluna bilər. Papağın qeyrət, namus rəmzi olması sonrakı düşüncənin məhsuludur. Papaq insanın bədənin ən yüksək yeri olan başa qoyulan bir rəmzdir. Papaq şahlarda taxt-tacı işarə edən bir simvoldur. Bir sözlə, papaq atmaq ənənəsinin əleyhinə getmək yanlış düşüncədir. Saf niyyətlə, təmiz ürəklə atılan papaq da, gecə qapı pusmaq da xoş auraya yol açır”.
Şakir Albalıyev Güney Azərbaycanda da eyni adət-ənənənin olduğuna diqqət çəkib: “Əvvəllər Güneydə evlərin bacasından şal sallayırmışlar. İndiki evlər müasirdir, o dövrdə bacalardan şal sallayıb, papaq və torba atırmışlar. Bunlar hamısı paralel simvollardır. Hətta Məhəmmədhüseyn Şəhriyar şerlərində şal sallamaq ifadəsi işlədib. Məsələn:
Ay nə gözəl qaydadır şal sallamaq,
Bayramlığı bel şalına bağlamaq
Yəni bu adət-ənənə Azərbaycanın bütün bölgələrində özünü göstərir. Folklorda xalq adət-ənənəsi şəhərdən çox kənd yerlərində yaşayır. Qədim Novruzun çərşənbələrini keçirən bölgələrdə bu ənənələr mühafizəkarlıqla qorunub saxlanılıb. Təəssüflər olsun, mətbuatda elə ziyalıları danışdırırlar ki, onun fikirləri kütləyə mənfi mənada sirayət edir. Bu da bayramı süniləşdirir, bilərəkdən və ya bilməyərəkdən Novruz bayramına vurulan zərbədir”.
AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy Novruzda papaqatdı ətrafında gedən müzakirələrin tamamilə mənasız olduğunu deyib: “Papaqatdı ən qədim dövrlərdən olub. Uşaq oyunlarının tərkibində geniş şəkildə istifadə olunub. Söhbət kişi yox, uşaq papağından gedir, hansı ki, cəmiyyətin tamhüquqlu üzvləri deyillər.
Novruz bayramında papaqları həmişə nişanlı oğlanlar sevdiyi qızların qapısına atardılar. Kişinin qoyduğu papaq erkəkliyin rəmzidir.
Papağın yerə atılmasına qeyri-adi hal kimi yanaşıb təəccüblənirik, içimizdə etiraz hissi baş qaldırır. Amma Novruz mərasimlərində bu cür hallar silsilə şəklində özünü göstərir. Məgər qapı-qapı düşüb pay yığmaq adəti adi günlərdə qəbul edilirmi? Başqa vaxt olsa, buna dilənçilik adı verib, qınayarıq. Eləcə də adi günlərdə kiminsə həyətinə gizlicə gedib qapı pusmağa nə ad verərik?
Novruz elliklə keçirilən möhtəşəm xalq bayramıdır. Toplumun bütün üzvlərini əhatə eləyən papaqatdı mərasiminin eyni gündə hamı tərəfindən xoş niyyətlə icra olunmasını da təbii qarşılamalıyıq”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.