Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə millət vəkillərinin, rayon idarə və müəssisə rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin və rayon ictimaiyyətinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş tədbir keçirildi.
Teleqraf.com-un məlumatına görə, əvvəlcə tədbirin aparıcısı qonaqları salamlayaraq onları Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi. Daha sonra 2014-cü il ərzində Binəqədi rayonunda aparılan abadlıq-quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər haqqında məlumat verdi. Ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasət nəticəsində, iqtisadiyyatıın inkişaf etdiyini, dövlət proqramlarının icra edildiyini, ümumilikdə, 2014-cü ildə ölkə qarşısında duran bütün vəzifələrin uğurla yerinə yetirildiyi bildirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edərək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu şərəfli ənənənin gündən-günə daha geniş vüsət aldığını bildirdi.
Sonra rayonun sosial-iqtisadi inkişafında, ictimai həyatında fəal rol oynayan bir qrup şəxs fəxri fərmanlarla mükafatlandırıldı.Tədbirdə Binəqədi rayonunun 2014-cü ilin uğurlarına həsr olunmuş videoçarx nümayiş edildi. Tədbir incəsənət ustalarının çıxışları ilə davam etdirildi. Eyni zamanda rayonun balaca sakinlərinin iştirak etdiyi tədbirdə Şaxta baba, qar qızın tədbirə qatılması şənliyə ahəng qatdı. Maraqlı əyləncəli viktorinalar, möhtəşəm rəqslər, şou proqram tədbir iştirakçılarında yüksək əhval-ruhiyə yaratdı.
Tədbirin sonunda dünyanın müxtəlif ölkələrində yaşayan binəqədililərin təbriklərinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Naibə QURBANOVA